AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÖZBƏKİSTANA DÖVLƏT SƏFƏRİ
ÖZBƏKİSTAN PREZİDENTİ İSLAM KƏRİMOVUN BƏYANATI
Mən Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi və Azərbaycan nümayəndə heyətinin üzvlərini bir daha salamlayıram. Azərbaycan Respublikası Prezidentinin ölkəmizə ilk dövlət səfəri çərçivəsində İlham Əliyevlə danışıqlarımız yenicə başa çatmışdır. Danışıqlar Azərbaycan-Özbəkistan münasibətlərinə ənənəvi surətdə xas olan açıq və konstruktiv şəraitdə keçdi və şübhəsiz, səmərəli oldu. Biz ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı geniş səpkili məsələləri müzakirə etdik, aktual regional və beynəlxalq problemlər barəsində fikir mübadiləsi apardıq. Həm də, əslində, toxunduğumuz bütün məsələlərdə mövqelərimizin uyğun və oxşar olduğunu bildirmək istərdim. Strateji tərəfdaşlığın daha da möhkəmlənməsi haqqında birgə bəyannamə, bir sıra digər mühüm sənədlər imzalandı. Onların hamısı ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açır. Biz dünyada sanbalı getdikcə artan, mühüm coğrafi-siyasi rol oynayan dost Azərbaycanı regionda əsas tərəfdaş hesab edirik. Danışıqlar zamanı biz Cənubi Qafqazın və Mərkəzi Asiyanın getdikcə artan coğrafi-siyasi və iqtisadi sahədə qarşılıqlı asılılığı barədə razılığa gəldik. Görüşlərimizin, danışıqlarımızın yekunlarından bəhs edərkən nəzərə çarpdırmaq istərdim ki, zənnimcə, İlham Əliyev ilə şəxsi münasibətlər qurulması faktının özü mənim üçün və Özbəkistan üçün son dərəcə əhəmiyyətlidir. Mən İlham Əliyevin simasında Azərbaycanın müstəqilliyi və suverenliyinin daha da möhkəmlənməsini, onun iqtisadi tərəqqisini və beynəlxalq nüfuzunun yüksəlməsini qarşısına məqsəd qoyan siyasi və dövlət xadimi görürəm.