Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏ JURNALİSTLƏRİNƏ MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Prezident sarayında Türkiyə jurnalistlərinə müsahibə vermişdir.

Dövlətimizin başçısı İlham Əliyev qardaş ölkənin mətbuat nümayəndələrini salamlayaraq, onlarla görüşündən məmnun olduğunu söylədi.

- Mən hörmətli Cümhurbaşqanına sual vermək istəyirəm. Türkiyə-Azərbaycan əlaqələrinin vəziyyəti son dərəcə yaxşıdır. Ölkələrarası əlaqələrdə şəxsi münasibətlər nə dərəcədə mühüm rol oynayır? Bu barədə nə düşünürsünüz?

- Əlbəttə, şəxsi əlaqələr mühüm rol oynayır və çox sevindirici haldır ki, bizim ölkələrimiz arasında əlaqələr və ölkələrə rəhbərlik edən şəxslər arasında əlaqələr eyni səviyyədədir. Hörmətli Prezident Əhməd Necdət Sezərlə çox səmimi dostluq münasibətlərimiz mövcuddur. Eyni zamanda, Baş nazir cənab Rəcəb Tayyib Ərdoğanla da biz çox yaxından əməkdaşlıq edirik, dostuq. Biz bir-birimizlə daim əlaqə saxlayırıq, telefonla danışırıq, müxtəlif beynəlxalq tədbirlərdə görüşürük və bu, çox önəmlidir. Mən hesab edirəm ki, indiki bu dostluq əlaqələri ən yüksək zirvədədir.

- Hörmətli Cümhurbaşqanı, Siz son dəfə Kazanda Ermənistan Prezidenti ilə görüşdünüz. İndi vəziyyət necədir, Sizcə sülhə doğru ümidiniz varmı? Yəni Ermənistan bu yöndədirmi?

- Hər halda, biz bu sülh danışıqlarını aparırıq. Bu o deməkdir ki, ümidlər hələ var, tükənməyibdir. Ancaq bu danışıqlar 10 ildən artıqdır ki, aparılır və ortada bir nəticə yoxdur. Bizim mövqeyimiz həmişə birmənalı olmuşdur və bu beynəlxalq hüquqa əsaslanan bir mövqedir. Yəni ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxmalıdır və bizim soydaşlarımız, bir milyondan artıq qaçqın, köçkün öz doğma torpaqlarına qayıtmalıdır. Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsi də müzakirə oluna bilər. Bu mövqe beynəlxalq normalara əsaslanır və bu normaların tətbiq olunması hər bir münaqişənin nizama salınmasında başlıca şərtdir. Ermənistanın mövqeyi beynəlxalq hüquqa tamamilə zidd bir mövqedir. Heç bir beynəlxalq hüquq normalarına əsaslanmayan mövqedir. Onlar Dağlıq Qarabağa müstəqillik istəyirlər.

Onlar tərəfindən göstərilən əsas səbəb də odur ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratını təyin etməlidirlər. Ancaq biz bilirik ki, ermənilər müxtəlif ölkələrdə yaşayırlar. Təsəvvür edin, əgər onlar yaşadıqları bütün ölkələrdə müstəqillik statusu tələb etsələr, nələr baş verər?

Mən ümid edirəm ki, danışıqların müsbət nəticələri ola bilər. Əgər bütün tərəflər beynəlxalq hüquq normalarına riayət etsələr və bu məsələ ilə məşğul olan, vasitəçilik missiyasını üzərinə götürən qurumlar daha da fəal olsalar, sülh sazişinə nail oluna bilər.

- Hörmətli Cümhurbaşqanı, təxminən bir həftədən sonra parlament seçkiləri keçiriləcəkdir. Ötən həftə Sizin əhəmiyyətli Sərəncamlarınız oldu. Bəzi nazirlər vəzifəsindən azad olundu, bəziləri haqqında müəyyən ittihamlar ortaya çıxdı. İcazənizlə, bununla bağlı iki sual vermək istəyirəm.

Birincisi, vəzifədən bu cür azadolunmalar, həbslər davam edəcəkmi? İkincisi, bir neçə ildir indi vəzifədən azad olunan insanlarla çalışırdınız. Barələrindəki ittihamlar ortaya indimi çıxdı, yəni bu cür işlərə onlar təzə başlamışlar?

- Bunu demək çətindir ki, onlar bu işlərlə bu yaxınlarda məşğul olmağa başladılar, yoxsa bundan əvvəl. Hər halda, istintaq orqanları onların əməllərini üzə çıxardı və lazımi tədbirlər görüldü.

Azərbaycanda qanunun aliliyi başlıca şərtdir. Biz hüquqi dövlət qururuq və qanun hamı üçün qanun olmalıdır. İstər o adi vətəndaş olsun, nazir olsun, yaxud da siyasətçi olsun. Ona görə bütün bu məsələlərə həmin prizmadan yanaşmaq lazımdır. Artıq verilən ifadələr deməyə əsas verir ki, Azərbaycanda seçkilərlə bağlı və seçkilər ərəfəsində nəzərdə tutulan proseslər ölkəmizi çətin duruma sala bilərdi. Ölkədə qarşıdurma yarada bilərdi. Bunun qarşısı alındı. Gələcəkdə də əgər kimsə Azərbaycanda qanunazidd hərəkətlər edərsə, şübhəsiz ki, bunun da qarşısı alınacaqdır. Qanun hamı üçün eyni olmalıdır. Ümid edirəm ki, Azərbaycanda parlament seçkiləri normal şəraitdə keçiriləcəkdir. Seçkilərin ədalətli və demokratik keçirilməsi üçün bütün əsaslar var. Seçki kampaniyası uğurla gedir. Ümid edirəm ki, seçki günü də normal keçəcək və Azərbaycan xalqının iradəsi seçkilərin nəticələrində öz əksini tapacaqdır.

- Hörmətli Cümhurbaşqanı, Dağlıq Qarabağla bağlı fərqli mövqelər var. Bu sahədə bir addım atıldımı?

- Bilirsiniz, indi danışıqlar Praqa prosesi çərçivəsində aparılır. Praqa prosesi məsələnin mərhələli həlli deməkdir. Yəni, ilk növbədə, Ermənistanın silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları - qaçqınlar, köçkünlər oraya qaytarılmalıdırlar. Ondan sonra Dağlıq Qarabağın statusu müzakirə olunmalıdır. Statusun müzakirəsində, əlbəttə, həm Ermənistan, həm Azərbaycan, həm indi Dağlıq Qarabağda yaşayan insanlar, həm də vaxtilə Dağlıq Qarabağda yaşamış, lakin oradan qovulmuş azərbaycanlılar da iştirak etməlidirlər. Yəni biz bu prinsip üzərində indi danışıqları aparırıq. Hesab edirik ki, bu, çox böyük bir irəliləyişdir, sülh danışıqlarında əldə edilmiş böyük nailiyyətdir. Çünki bütün zamanlarda Ermənistan tərəfi məsələnin paket şəklində həll olunmasına çalışırdı. Yəni, onların fikrincə, onlar işğal olunmuş torpaqlardan çıxacaqlar, ancaq bununla eyni vaxtda Dağlıq Qarabağın statusu müəyyən edilməlidir. Praqa prosesi artıq buna son qoydu.

Bir şeyi də demək istəyirəm. Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll etmək niyyətindədir. Bundan kənarda heç bir məsələ müzakirə mövzusu deyildir. Dağlıq Qarabağ nə Ermənistana birləşəcək, nə də müstəqil bir qurum olacaqdır. Orada yaşayan ermənilər Azərbaycanın tərkibində yüksək muxtariyyət statusuna malik ola bilərlər və bunu dünya təcrübəsi də göstərir. Avropaya nəzər salsaq görərik ki, orada muxtariyyətlər mövcuddur və onların təcrübəsi çox uğurludur. İndi biz Avropaya inteqrasiya siyasəti aparırıq. Ona görə həmin müsbət təcrübəni öyrənirik və bu məsələdə onu Azərbaycanda da tətbiq etməliyik.

- Ermənistan məsələsi, sadəcə Azərbaycanın problemi deyil, Türkiyənin və Azərbaycanın ortaq bir problemidir. Hətta bunu ortaq düşmən kimi də ifadə edə bilərik. Ermənilər diasporun dəstəyi ilə, “soyqırımı” iddiaları ilə dünyaya yalan yayırlar.

Birincisi, Azərbaycanla Türkiyə dövlətinin bu diaspora cavab verə biləcək bir diaspor yaratması, bunun üçün dövlətin, mədəni təşkilatların dəstəyi ilə müştərək hərəkət etməsi mümkündürmü, belə bir şey düşünülürmü?

İkincisi, Azərbaycanla Türkiyə arasında hərbi, təhsil, mədəniyyət, siyasi - bütün sahələrdə əlaqələr önəmli bir səviyyəyə çatmışdır. Sizcə, bu əlaqələrdən ən çox hansı daha yaxşı bir nöqtəyə, səviyyəyə qaldırılmalıdır?

- Bizim aramızda bütün istiqamətlərdə çox səmərəli, işgüzar münasibətlər mövcuddur. İstər iqtisadi sahədə, istərsə də siyasi müstəvidə ən yaxın müttəfiqik və bəlkə də, dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər sıx bağlı olsunlar. Ona görə bu əlaqələr həm Türkiyə və Azərbaycanın indiki inkişafına, regiondakı rolumuzun artmasına, həm də ölkələrimizin gələcək inkişafına xidmət edir.

Hesab edirəm ki, bu əlaqələr arasında iqtisadi əlaqələr bir az geridə qalır. Çünki siyasi sahədə bizim münasibətlərimiz ən yüksək səviyyədədir. Regional əməkdaşlıq baxımından Türkiyə və Azərbaycan bu gün həm bölgə, həm də dünya üçün çox önəmli layihələrlə məşğuldur. Aramızda olan ticarət əlaqələri, mal dövriyyəsi bizim potensialımızı tam əks etdirmir. Çünki indi həm Türkiyə, həm də Azərbaycan çox dinamik şəkildə inkişaf edən ölkələrdir. Bizdə 2005-ci ilin 9 ayında iqtisadi artım 21 faiz, sənayenin artımı 27 faiz təşkil edibdir. Bu, dünyada ən yüksək göstəricidir. Yəni bu potensialdan biz ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün daha da səmərəli istifadə etməliyik. Bu sahədə də müəyyən addımlar atılır. Bir müddət bundan əvvəl Azərbaycanda Türkiyə-Azərbaycan biznes forumu keçirilmişdir. Mən də o forumda iştirak etmişdim. Mən çox istəyirəm ki, bizim iş adamlarımız bir-biri ilə daha da sıx əlaqədə olsunlar.

O ki qaldı, erməni diasporunun fəaliyyətinə, əlbəttə, Ermənistanın əsas güc mənbəyi onun diasporudur. Çünki bir dövlət kimi Ermənistan iqtisadi cəhətdən, siyasi baxımdan o qədər də inkişaf etməyib və onun özünün potensialı, əlbəttə, nə Azərbaycanın, nə də Türkiyənin potensialı ilə müqayisə edilə bilməz. Amma onların dünyada mövcud olan dayaqları, müxtəlif ölkələrdə mütəşəkkil şəkildə fəaliyyət göstərən diasporu, əlbəttə, onlara böyük dəstəkdir, eyni zamanda, bizə qarşı istifadə olunan ən güclü alətdir.

Azərbaycan müstəqilliyini 1991-ci ildə əldə edibdir. Əlbəttə, bizim keçmişdə diasporumız, belə bir təcrübəmiz yox idi. Amma indi biz müstəqilik, çalışırıq və çalışmalıyıq ki, dünyada öz mövqelərimizi möhkəmləndirək. Türklər, azərbaycanlılar dünyanın müxtəlif yerlərində yaşayırlar və əlbəttə, onlar birgə fəaliyyət göstərməlidirlər. Bizim müxtəlif ölkələrdə icmalarımız formalaşır, möhkəmlənir. Azərbaycanda xüsusi bir qurum - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi var. Bu yollarla biz dünyada öz mövqelərimizi möhkəmləndirməliyik və həqiqəti çatdırmalıyıq. Ermənistanın təbliğatı yalan, böhtan, uydurma üzərində qurulubdur. Dırnaqarası soyqırımı məsələsində də onlar dünya birliyinin ictimai rəyini çaşdırırlar və tarixi təhrif etməyə çalışırlar, bəzi hallarda da buna nail olurlar. Bizim isə buna qarşı öz arqumentlərimiz olmalıdır. Bizim arqumentlərimiz həqiqətə, reallığa, faktlara söykənir. Əlbəttə, bu sahədə səylərin birləşdirilməsi çox böyük əhəmiyyət kəsb edir.

- Hörmətli Cümhurbaşqanı, Sizə iki sualla müraciət etmək istəyirəm. Türkiyə ilə Azərbaycanın münasibətlərinin bu səviyyədə olmasından son dərəcə məmnunuq. Bunu burada olduğumuz zaman təmaslarımızda da gördük, küçədə də hiss etdik. İnşallah, daha da yaxşılaşacaqdır. Ancaq Azərbaycan Türkiyə üçün Qafqazda qapıbir qardaş ölkədir. Digər tərəfdə Orta Asiyanın türkdilli respublikaları da var. Azərbaycanın Türkiyə ilə münasibətləri çox gözəldir. Digər türkdilli respublikalarla münasibətləriniz necədir?

İkincisi, burada daha çox iki məsələ üzərində dayanılır. Biri seçkilər, digəri isə Qarabağ problemidir, inşallah, tezliklə çözülər. Bunlardan savayı Azərbaycanın ciddi, böyük problemləri nələrdir?

- Əslində, seçkilər bizim üçün böyük məsələ deyil və problem də deyildir. Seçkilər bir prosesdir və hər bir ölkənin normal inkişafı üçün demokratik seçkilərin keçirilməsi şərtdir. Bizim qarşımızda əsas problem yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Çünki başqa problemlər öz həllini ya tapıbdır, ya da tapacaqdır. Bizim çox gözəl perspektivlərimiz var, gələcəyimiz var, təbii ehtiyatlarımız var. Gördüyümüz işlər nəticəsində neft, qaz kəmərləri tikilir. Ölkəmizin iqtisadi potensialı ildən-ilə artacaq və Azərbaycan çox zəngin və qüdrətli dövlətə çevriləcəkdir.

Eyni zamanda, ölkədə milli həmrəylik, xalqla iqtidar arasında birlik var. Ölkədə sabitlik möhkəm şəkildə təmin olunur. Sosial məsələlərin həlli işində böyük addımlar atılır, maaşlar, təqaüdlər artırılır və s.

Ermənistan-Azərbaycan münaqişəsi məsələsi həm bizim üçün, həm də bütün bölgə üçün başlıca təhlükədir, problemdir. Çünki bu münaqişə, bu müharibə sona yetməyibdir. Sadəcə olaraq, atəşkəs rejimi mövcuddur, ancaq sülh sazişi yoxdur. Bu, bütün regionun normal inkişafı üçün böyük əngəldir. Ermənistanın özü üçün də böyük problemdir. Çünki Ermənistan indi bütün beynəlxalq regional layihələrdən kənarda qalıbdır. İndi burada heç bir layihənin onların iştirakı ilə baş tutması mümkün deyildir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi, ümid edirəm ki, bu yaxınlarda başlayacağımız Qars-Tbilisi-Bakı dəmir yolunun çəkilməsi - bütün bu layihələr Ermənistandan yan keçir. Bu, belə də olmalıdır. Ermənistan bizim torpaqlarımızdan çıxmayanadək heç bir regional layihədə iştirak etməyəcəkdir. Çünki biz buna razılıq verməyəcəyik. Ona görə münaqişənin həlli bölgədə yaşayan bütün insanlar üçün önəmlidir.

O ki qaldı, bizim digər türkdilli dövlətlərlə münasibətlərimizə, bu münasibətlər yüksək səviyyədədir. Biz qarşılıqlı səfərlər edirik, çox fəal çalışırıq, beynəlxalq təşkilatlarda - həm Birləşmiş Millətlər Təşkilatında, İslam Konfransı Təşkilatında, həm də başqa qurumlarda türkdilli dövlətlərdən dəstək görürük. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi məsələsində. Fəqət o da sirr deyil ki, türkdilli dövlətlərin daha səmərəli, qarşılıqlı surətdə faydalı əməkdaşlığına daha da böyük ehtiyac var. Bu potensial tam şəkildə işə salınmayıbdır. Azərbaycan Türkiyəni Orta Asiya ilə birləşdirən bir ölkədir. Bizim ərazimizdən bütün dəhlizlər, enerji, nəqliyyat infrastrukturları keçir. Coğrafi-siyasi vəziyyətimiz, əlbəttə, yeni imkanlar yaradır. Yuxarıda qeyd etdiyim Qars-Tbilisi-Bakı dəmir yolunun çəkilişi, eyni zamanda, Orta Asiyanı Türkiyə ilə birləşdirəcəkdir.

- Müxalifətin ABŞ-dan və Qərbdən, Avropa Birliyi ölkələrindən ciddi dəstək aldığı barədə deyilənləri, Gürcüstanda və Ukraynada olduğu kimi eyni turuncu rəngi istifadə etməsini necə dəyərləndirirsiniz?

- Mən buna gülürəm. Siz buna turuncu deyirsiniz, biz narıncı deyirik. Hesab edirəm, bir halda ki, onlar burada böyük planlar həyata keçirmək iddiasındadırlar, bir başqa rəng seçə bilərdilər. Başqa ölkədə gedən prosesləri yamsılamaq, təkrarlamaq heç kimə şərəf gətirməz. Mən ümid edirəm ki, Azərbaycanda bütün siyasi qüvvələr, partiyalar qanun çərçivəsində hərəkət edəcək və fəaliyyət göstərəcəklər. Ən əvvəl Prezident kimi mən buna çalışıram. Dəfələrlə müxtəlif məqamlarda, öz çıxışlarımda, bəyanatlarımda bütün siyasi qüvvələri dialoqa çağırmışam. Təklif etmişəm ki, siyasi münasibətlər masa arxasında, əldə qələmlə çözülsün, cibdə daşla yox, küçədə yox, meydanda yox. Azərbaycanda meydan dövrü artıq bitdi. 1990-cı illərin əvvəllərində Ukraynada, Gürcüstanda baş verən hadisələr Azərbaycanda da yaşandı. Artıq o tarixdir, bitdi və heç vaxt təkrarlanmayacaqdır. Çünki Azərbaycan güclü dövlətdir. Biz iqtidar olaraq xalqın dəstəyinə, xalqın iradəsinə arxalanırıq.

Bizim partiyamız, Yeni Azərbaycan Partiyası seçkilərdə ən şanslı partiyadır. Bəzən belə bir rəy yaranır, guya xaricdən müxalifəti kimsə dəstəkləyir. Mən buna da münasibət bildirmək istəyirəm. Belə hallar bizim tərəfimizdən müşahidə olunmur. Daha çox müxalifət öz reytinqini qaldırmaq üçün belə qeyri-dəqiq məlumatlar yayır ki, guya onları xaricdən kimsə dəstəkləyir. Birincisi, Azərbaycanın gələcəyi, siyasəti Azərbaycanda həll olunmalıdır və həll olunur. Bizim siyasətimiz tam şəkildə müstəqil siyasətdir. Müstəqillik təkcə rəsmi atributlarla - bayraq, himn (siz dövlət marşı deyirsiniz) ilə ölçülmür. Müstəqillik o deməkdir ki, ölkə öz müstəqil siyasətini tam şəkildə apara bilsin və bu siyasət xalqın maraqlarına cavab versin. Biz bu siyasəti aparırıq. Azərbaycan xalqının rifah halının yaxşılaşmasına çalışırıq.

- Siz, neft sahəsini bilən bir insansınız. Dünyada neftin qiymətlərinin artmasını nə ilə izah edirsiniz? Hətta qiymətlər getdikcə artacaqdır. Bu, dünya mətbuatını çox maraqlandıran bir mövzudur. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Bunun əlbəttə, müxtəlif səbəbləri var və müxtəlif fərziyyələr də ola bilər. Hansısa bir səbəb göstərilmir. Nə OPEK ölkələri, nə də böyük həcmdə neft hasil edən başqa ölkələr bu barədə heç bir vahid mövqeyə malik deyillər. Azərbaycanda hasil olunan neft dünya neft bazarına təsir göstərmir. Çünki bizim böyük hasilatımız hələ 2-3 ildən sonra başlanacaqdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəndən sonra Azərbaycandan gündə minimum bir milyon barrel neft ixrac olunacaqdır. Ancaq onu da bilirik ki, dünyada neftə tələbat artır. Ölkələr, iqtisadiyyat inkişaf edir, xüsusilə Asiya ölkələrində neftə tələbat çox kəskin şəkildə artmışdır. Tələbat artdıqca, deməli, qiymətlər də artır. Bu qiymətlərin artımı bir tərəfdən, əlbəttə, neft çıxaran ölkə üçün sərfəlidir. Çünki bizim gəlirlərimiz artır. Digər tərəfdən, sirr deyil ki, o, bütün malların qiymətinə də təsir göstərir.

Azərbaycanda istehlak mallarının böyük hissəsi xaricdən gətirilir. Ona görə, istər-istəməz, qiymətlərin artımı müşahidə olunur. Bu il inflyasiya artmışdır. Gələcək göstərəcək ki, qiymətlər necə olacaqdır. Hər halda, yəqin ki, bu səviyyə hələ uzun illər qalacaqdır.

- Azərbaycanın NATO-ya üzvlüyü ilə bağlı dünya mətbuatında müxtəlif yazılar olur. ABŞ-ın Azərbaycana 15 min əsgər yerləşdirmək məqsədi barədə dünya mətbuatında materiallar yazılır. Bu haqda nə düşünürsünüz?

Fürsətdən istifadə edib, bu kitabımı da Sizə təqdim edirəm.

- Təşəkkür edirəm.

Azərbaycanda heç bir xarici dövlətin qoşunu, yaxud əsgəri yoxdur. Biz gələcəkdə də bunu nəzərdə tutmuruq. Mən bilmirəm nə üçün mətbuatda bəzən belə məlumatlar müşahidə olunur ki, buraya hansısa əsgəri kontingent gətiriləcək, yaxud burada hərbi baza yerləşdiriləcəkdir. Mən bu barədə dəfələrlə rəsmi şəkildə bəyanat vermişəm ki, belə planlar yoxdur, bu məsələ müzakirə olunmur. Amerikanın yüksək vəzifəli şəxsləri də bu məsələyə dair eyni mövqedən çıxış edirlər. Sadəcə olaraq, yəqin kimsə, bu mövzu ilə maraqlanan tərəflər onu süni şəkildə qabartmaq istəyirlər. Yenə deyirəm, bu məsələ müzakirə olunmur.

NATO ilə bizim əməkdaşlığımız da çox uğurludur. Biz demək olar ki, on il ərzində “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçısı idik və indiki dövrdə yeni bir əməkdaşlıq proqramına qədəm qoyduq. “Fərdi tərəfdaşlığın fəaliyyət planı” artıq təqdim olunubdur. NATO ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi başlanacaqdır. Biz bütün bu məsələlərə çox realist baxımdan yanaşırıq. İmkanlarımızı bilirik, bölgədə gedən prosesləri bilirik. Bilirik ki, bizim başqa mötəbər təşkilatlara üzv olmağımız bu gün həll edilən məsələ deyildir. Amma normal əməkdaşlığın yaranması üçün Azərbaycan çox böyük addımlar atır. Avropa İttifaqı ilə, NATO ilə əlaqələrimiz çox yüksək səviyyədədir və bizi qane edir.

- Cənab Prezident, ABŞ Rəsul Quliyev məsələsində nə etmək istəyir? O, orada sığınacaq aldıqdan sonra buraya gəlməsinə icazə verildi. Quliyev burada Sizin gücünüzü və müxalifətin zəifliyini görüb geri dönmək məcburiyyətində qaldı. İnterpolun axtardığı bir adamı Amerika hansı anlamda mühafizə edir və buraya göndərmək istədi? Lakin alınmadı və o, geri qayıtdı. Siz Quliyevin gəlməsi üçün qapıları açmadınız? Onun burada siyasi gücünün olmadığı halda, - biz bunu burada gördük, - niyə çəkinirsiniz?

- Biz heç nədən çəkinmirik. Mən demişdim ki, Rəsul Quliyev beynəlxalq mafiyanın nümayəndəsidir. Azərbaycan dövlətini talayıb, dövlətdən 100 milyon dollardan çox pul oğurlayıbdır. Bütün bunlar sübuta yetirilmiş faktlardır, sənədlərdir. Onun iqtisadi cinayətləri haqqında hamı bilir, bu, heç kimə - nə Azərbaycan vətəndaşlarına, nə də başqa ölkələrin müvafiq orqanlarına sirr deyildir. Ona görə biz Rəsul Quliyevin Azərbaycana qayıtmaq istədiyini eşidəndə çox sevindik ki, nəhayət, o, törətdiyi cinayətlərə görə Azərbaycan xalqı qarşısında və ədalət məhkəməsi qarşısında cavab verəcəkdir. Bəyan etdik ki, gəlsin. Sadəcə olaraq, siz qeyd etdiyiniz kimi, həm müxalifətin gücsüzlüyünü gördü, həm də özündə cəsarət tapmadı və yoldan geri döndü.

Hər şey qanun çərçivəsində həll olunmalıdır. Partiya rəhbəri olmaq heç kimə immunitet verməməlidir. Əgər kimsə qanunu pozubsa, ölkənin malını talayıbsa, oğurluqda ittiham olunursa və onun cinayətləri sübuta yetirilibsə, istər partiya sədri olsun, istər millət vəkili olsun - hamı cavab verməlidir. Gəlsin, cavab versin. Məhkəmə öz qərarını çıxarsın, qərar nə olacaqsa, o da olacaqdır. Onun burada heç bir nüfuzu yoxdur. Nə özünün, nə də partiyasının seçkilərdə uğur ehtimalı, ümumiyyətlə, yoxdur. Çünki o, Azərbaycanda bir oğru kimi tanınır və kimdən soruşsanız, bunu təsdiqləyər.

Bəzi hallarda cinayət törətmiş insanlar gedib hansısa partiya yaradırlar, partiyaya daxil olurlar və deyirlər ki, artıq biz siyasətçiyik, bizə toxunmaq olmaz. Quliyev o cinayətləri törədən zaman heç bir partiyanın üzvü deyildi və 1996-cı ildə Azərbaycandan qaçanda da partiya üzvü deyildi. Ondan sonra yəqin belə bir fikrə gəldi ki, bir partiyanın üzvü olum, bu, mənə toxunulmazlıq versin. Amma bu, mümkün deyildir. Gəlsin, xalq qarşısında cavab versin, öz cinayətləri haqqında təmiz ürəklə ifadə versin, məhkəmə də qərarını çıxarsın.

- Hörmətli Prezident, mərhum Cümhurbaşqanı Heydər Əliyevin dövründə Azərbaycanın bir nömrəli vəzifəsi müstəqilliyini möhkəmləndirmək idi. Sizin son vaxtlar verdiyiniz açıqlamalarda isə demokratiyanın güclənməsi yolunda səyləriniz vurğulanır. Amma bir az əvvəl həmkarlarımın verdiyi sualların davamı kimi soruşmaq istəyirəm, Sizcə, “beynəlxalq mafiya” kimi ifadəniz Azərbaycan demokratiyasına qarşı hansısa bir xarici qüvvənin olmasınımı göstərir? Bu bərəkətli ölkədən istədiyi iqtisadi səmərəni götürə bilməmiş qüvvələrmi var?

- Bilirsiniz, hər bir tarixi mərhələnin öz gündəliyi var. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndə ən geridə qalmış ölkə idi. İqtisadiyyat dağılmışdı, iqtisadi böhran, tənəzzül yaşanırdı. Sonra vətəndaş qarşıdurması var idi, vətəndaş müharibəsi gedirdi. Ölkə demək olar ki, parçalanma ərəfəsində idi. Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də o oldu ki, ölkəni bu parçalanmadan qurtardı. Müstəqilliyimizi qorudu, saxladı və Azərbaycanın inkişaf strategiyasının müəllifi oldu.

Baxın, 1995-1996-cı illərdən sonra ölkənin iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Azərbaycana 25 milyard dollar sərmayə qoyuldu, neft kəmərləri tikildi, xarici şirkətlər buraya işləməyə gəldi və indi Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkədir. Mən bu barədə rəqəmləri artıq sizə çatdırdım. Heç bir başqa ölkə yoxdur ki, onun iqtisadiyyatı 9 ayda 21 faiz artsın.

Son iki il ərzində Azərbaycanda 300 mindən artıq yeni iş yerləri açılıbdır. Yeni fabriklər, zavodlar açıldı, minimum əmək haqqı üç dəfə qaldırıldı. Bu gün isə Azərbaycanın qarşısında yeni çağırışlar, məsələlər var. Biz ölkəmizi dünya birliyinə daha da sıx inteqrasiya etməliyik. Avropa, Avratlantik strukturlarına inteqrasiya etməliyik. Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmlənməsi üçün gərək fəal işləyək. Demokratiyanın inkişafı istiqamətində fəal işləyək.

Biz neftlə, qazla zəngin olan, amma demokratik inkişafda bir o qədər uğur qazanmayan bəzi ölkələrin də təcrübəsini öyrənmişik. Görürük ki, harada şəffaflıq yoxdursa, ictimai nəzarət yoxdursa, nə qədər qazı, nefti olsa da, orada ölkə vətəndaşları bu böyük sərvətlərdən tam şəkildə istifadə edə bilməzlər. Bizim amalımız Azərbaycanı müasir dövlətə çevirmək, dünya birliyində həm iqtisadi cəhətdən, həm də siyasi baxımdan möhkəm, zəngin, qüdrətli dövlətə çevirməkdir.

Ancaq bununla yanaşı, Azərbaycan öz coğrafi, strateji vəziyyətinə, təbii sərvətlərinə görə çox cəlbedici ölkədir. Ola bilsin ki, burada bəzi ölkələrin müxtəlif dairələrinin maraqları toqquşur. Ola bilsin, onların öz maraqları var, bizim isə öz maraqlarımız var. Amma bura Azərbaycandır, Azərbaycan xalqının torpağıdır. Mən də bu xalqın Cümhurbaşqanıyam, ölkənin Prezidentiyəm. Mənim üçün ən başlıcası bizim milli maraqlarımızdır. Azərbaycan xalqının normal inkişafı, Azərbaycanın möhkəmlənməsi, bəlkə də, kiminsə xoşuna gəlmir. Belə olan halda, əlbəttə, ixtilaflar yaranır. Xüsusilə seçkilər ərəfəsində buna daha da böyük rəvac verilir, çünki seçkilər bəzi dairələr tərəfindən əlverişli bir məqam hesab olunur. Yəni seçkilər ərəfəsində bəzi dairələrdə “nə etmək olar?” fikirləri doğur. Bu, çox yanlış bir fikirdir. Azərbaycan dövləti kifayət qədər güclüdür. Azərbaycanda sabitlik qorunur və qanunun aliliyi mövcuddur. Hər şey qanun çərçivəsində olmalıdır. Azərbaycanda kim vəziyyəti gərginləşdirmək istəsə, - istər daxili qüvvələr, istərsə də xarici dairələr, - buna müvəffəq olmayacaqlar. Son hadisələr bunu bir daha sübut etdi.

- Siz siyasətinizi ortaya qoyaraq, Azərbaycanın Qərbə, Avropa ilə inteqrasiyasına addım-addım irəlilədiyini söylədiniz. Bilirsiniz ki, Türkiyənin də qarşısına Avropa Birliyinə üzv qəbul olunması üçün demokratikləşmə, hüquqi dövlət olmaqla bağlı bir çox prosedur qoyulmuşdu.

Siz demokratikləşmə ilə bağlı problemin olmaması üçün seçkilərlə əlaqədar hansı yeniliklər etdiniz?

- Bir neçə yenilik oldu. Artıq beynəlxalq müşahidəçilər də qeyd edirlər ki, bu yeniliklər Azərbaycanda demokratiyanın inkişafında çox mühüm rol oynadı. İlk növbədə, Seçki Məcəlləsi yeniləşdi, ona yeni, mütərəqqi maddələr daxil edildi. May ayında və bir neçə gün bundan əvvəl, oktyabr ayında mənim tərəfimdən iki Sərəncam imzalanmışdır, Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsinə dair çox mühüm qərarlar verilmişdir.

Azərbaycanda parlament seçkilərində 2 mindən artıq deputatlığa namizəd qeydiyyatdan keçdi. Müqayisə üçün deyə bilərəm ki, 2000-ci ildə parlament seçkilərində 400 namizəd vardı. Yəni 2 min adamın seçkilərə qatılması özlüyündə göstərir ki, insanlarda seçkilərin ədalətli keçiriləcəyinə inam var. Təbliğat kampaniyası da çox uğurla gedir. Dövlət televiziyasında, İctimai Televiziyada və özəl kanallarda bütün namizədlər öz təbliğatlarını aparırlar və heç bir məhdudiyyət qoyulmur. Yəni bu da bir yenilikdir. Azərbaycanın bütün bölgələrində namizədlər seçicilərlə sərbəst şəkildə görüşlər keçirirlər.

Azərbaycanda ilk dəfə olaraq, seçkilərdə exit-pol keçiriləcəkdir və bu da bizim üçün yenilikdir. Biz buna razılıq verdik ki, seçkilərin demokratik şəkildə keçiriləcəyinə heç kimdə şübhə olmasın. 1500 xarici müşahidəçi gələcək və minlərlə yerli müşahidəçi, - onlar bütün siyasi partiyaları təmsil edirlər, - seçkiləri müşahidə edəcəkdir. Azərbaycanda 4500-dən çox seçki məntəqəsi var. Yəni minlərlə müşahidəçinin olması seçkilərin gedişinə tamamilə nəzarət etməyə imkan verəcəkdir.

Bu yaxınlarda yeni bir qərar qəbul edildi. Seçkilər günü seçicilərin barmaqlarının görünməyən mürəkkəblə işarələnməsi məsələsi də öz həllini tapdı. Bizim niyyətimiz çox səmimidir. Görülən tədbirlər də onu göstərir ki, demokratik seçkilərin keçirilməsində, ilk növbədə, iqtidar maraqlıdır. İndi seçkiləri şübhə altına ala biləcək heç bir amil yoxdur. Mən ümid edirəm ki, seçkilər günü proses pozulmayacaq və ədalətli seçkilər keçiriləcəkdir.

Azərbaycanda parlament seçkiləri hakimiyyət məsələsini həll etmir. Azərbaycan Prezident respublikasıdır. Burada hakimiyyət məsələsi prezident seçkilərində həll olunur. Prezident seçilir, hökumət formalaşır və ölkənin siyasi xətti müəyyənləşir. Parlament seçkilərinin Azərbaycanın siyasi xəttinin müəyyənləşməsində böyük əhəmiyyəti yoxdur. Ancaq görün, bu parlament seçkilərinə nə qədər böyük maraq var? Bu da təbiidir. Çünki Azərbaycanın normal demokratik inkişafı həm bizə lazımdır, həm bizim dostlarımıza lazımdır, həm də Avropaya və bizim digər müttəfiqlərimizə lazımdır. Ona görə əlimizdən gələni etmişik və edirik ki, seçkilər demokratik keçirilsin, Azərbaycan xalqının iradəsi seçkilərdə öz əksini tapsın.

- Hörmətli Prezident, son qərarların Qərb tərəfindən dəstəkləndiyi açıq-aydın bildirilir. Sizin iqtidarın ABŞ, Avropa, ümumən Qərb dünyası ilə əlaqələri necədir?

- Bizim əlaqələrimiz çox yaxşıdır. Bütün sahələrdə çox uğurlu əməkdaşlıq edirik. Həm Avropa Birliyi, Avropa Şurası ilə, həm də Amerika Birləşmiş Ştatları ilə bizim bütün sahələrdə əlaqələrimiz çox yüksək səviyyədədir. Biz həm iqtisadi sahədə əməkdaşlıq edirik, enerji sahəsində, təhlükəsizlik məsələlərində əməkdaşlıq edirik, Azərbaycan antiterror koalisiyasında iştirak edir, həm də siyasi proseslərdə, demokratiyanın inkişafı istiqamətində bizim münasibətlərimiz çox yüksək səviyyədədir və bundan çox razıyıq. Ancaq qeyd etmək istəyirəm ki, bizim siyasətimizin əsas mənbəyi Azərbaycan xalqıdır. Prezident kimi mən seçilən gündən indiyə qədər, bu iki il ərzində hər bir addımımı yalnız və yalnız Azərbaycan xalqının milli maraqlarının təmin olunması üçün atmışam.

Azərbaycan müstəqil və gündən-günə güclənən, möhkəmlənən dövlətdir. Biz normal, qarşılıqlı hörmət əsasında qurulan əlaqələrin tərəfdarıyıq. Azərbaycan tərəfdaşdır, dostdur və bizim münasibətlərimiz yalnız bu prinsiplər - qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur.

- Azərbaycan Kipr türklərinə qarşı blokadanın aradan qaldırılması istiqamətində çox önəmli bir addım atdı. Bu yöndə yeni addımlar atacaqsınızmı və bu sahədə Sizə müxtəlif beynəlxalq təzyiqlər olurmu?

- Bilirsiniz, biz istəyirik ki, hər şey ədalətlə həll olunsun. Hamımız yaxşı xatırlayırıq ki, Kiprdə keçirilən referendumda Kipr türkləri ölkənin birləşməsinə səs verdilər, o biri tərəf isə əksinə. Belə olan halda, Birləşmiş Millətlər Təşkilatı və digər təşkilatlar tərəfindən təklif irəli sürüldü ki, bu təcridə son qoyulmalıdır. Əslində, belə də olmalıdır. Nə üçün xoş niyyət ifadə edən tərəf cəzalandırılmalıdır? Bu, ədalətli deyil.

Bu addımı kim atmalı idi?

Əlbəttə, Azərbaycan - Türkiyə üçün ən yaxın olan ölkə bu addımı atmalı idi. Mən də bunu vəd etmişdim və etdim. İndi çox önəmlidir ki, ilk növbədə, başqa türkdilli dövlətlər, ondan sonra İslam Konfransı Təşkilatının üzvləri buna bənzər addımlar atsın.

O ki qaldı təzyiqlərə, elə məsələlər var ki, gərək bütün təzyiqlərə dözəsən. Elə məsələlər var ki, təzyiqlərə baxmayaraq, gərək öz sözünü deyəsən. Ən çətin anlarda biz həmişə Türkiyənin dəstəyini hiss etmişik və hiss edirik. Azərbaycan müstəqilliyini əldə edəndə bizi ilk tanıyan Türkiyə olmuşdur. Bu gün ölkələrimiz arasında əlaqələr ən yüksək səviyyədədir. Mən bir daha demək istəyirəm ki, dünyada başqa belə ölkələr yoxdur ki, onların həm siyasətçilər, həm dövlətlər, həm də adi vətəndaşlar arasında bu cür münasibətləri olsun. Azərbaycan sizin vətəninizdir, Türkiyə də bizim vətənimizdir. Ona görə Azərbaycan bunu etməli idi və etdi. İndi növbə başqa ölkələrin və beynəlxalq təşkilatlarındır.

- Siz Süleyman Dəmirəllə görüşürsünüzmü?

- Bəli, bəli, əlbəttə. Mən keçən il, 2004-cü ildə Türkiyədə rəsmi səfərdə olarkən hörmətli 9-cu Prezident Süleyman Dəmirəllə görüşdüm. Telefonla əlaqə saxlayırıq. Bilirsiniz ki, mənim atam Heydər Əliyev və Süleyman Dəmirəl çox yaxın dost idilər və biz Türkiyədə dəfələrlə bir yerdə olmuşuq. Bizim bu münasibətlərimiz saxlanılır. Xatırlayıram ki, hörmətli Süleyman bəy Cümhurbaşqanlığı dövrünü bitirəndən sonra yenə də Heydər Əliyevlə daim telefonla əlaqə saxlayırdı. Yəni, bu, çox belə səmimi dostluq münasibətləri idi.

Bizim möhtərəm Prezidentə çox böyük hörmətimiz var və çox sıx-sıx əlaqə saxlayırıq, telefonla danışırıq. Bu, lazımdır. Bu əlaqələr həm bizə lazımdır, həm də ölkələrimizə lazımdır. Ölkələrimizin daha da sıx olması üçün çox önəmlidir.

- Cənab Prezident, vaqonlarda yaşayan köçkünlərin daha gözəl binalarda yaşamasını diləyirik.

- Biz onu edirik. Mən Prezident seçkiləri ərəfəsində proqramla çıxış etdim. Bu proqramda bütün çadır şəhərciklərinin ləğv olunması da öz yerini tapmışdır. Biz indi Ağdam rayonunun ərazisində böyük inşaat işləri aparırıq. Orada təxminən 4 minə qədər ailə yaşayacaqdır. Biz Azərbaycan Dövlət Neft Fondundan vəsait ayırdıq və dedim ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamalıdır. Biz onların hamısını ləğv edirik və yeni evlər tikilir. Bunlar üç-dördotaqlı evlərdir, öz həyətyanı sahəsi var, bütün lazımi avadanlıq, infrastruktur var, işıq, su, yol, rabitə, məktəb, xəstəxana - hamısı kompleks şəkildə var. Biz bu məqsədlərə yüz milyonlarla dollar vəsait ayırmışıq ki, bu insanlar müvəqqəti olaraq normal şəraitlə təmin olunsunlar. Ancaq əlbəttə, bu, böyük vəsait tələb edir. Azərbaycanda 1 milyon adam qaçqın-köçkün həyatı yaşayır. Biz çalışırıq ki, onların həyatını yaxşılaşdıraq.

- Cənab Prezident, beynəlxalq aləm qaçqınlar məsələsinə yetərincə diqqət göstərirmi? Yardım göstərirsə, həcmi nə qədərdir?

- Bilirsiniz, əlbəttə, göstərir, amma bu diqqət azalır. Bu münaqişə 15 ildən artıqdır ki, davam edir. Beynəlxalq ictimai rəy daha çox yeni münaqişələrə yönəlibdir. Müharibə gedən, yaxud yeni fəlakət baş verən yerə daha çox diqqət göstərilir. Mən yenə də deyirəm, mövqeyim belədir ki, biz ancaq öz gücümüzə arxalanmalıyıq. O dövr bitdi. Biz müstəqilliyimizi əldə edəndə bəziləri düşünürdü ki, Azərbaycana kimsə gəlib yardım etməlidir. Biz dünyaya bu baxışlarla yanaşırdıq. Hesab edirdik ki, bizim haqlı olmağımız dünya tərəfindən dərhal qəbul edilməlidir və təcavüzkar Ermənistan cəzalandırılacaqdır. Ümid edirdik ki, kimsə gəlib bizə yardım edəcək, kimsə bizim üçün nəsə tikəcək, nəsə edəcəkdir. Artıq bu, yoxdur və lazım da deyil. Biz gərək özümüzə güvənək, öz imkanlarımız var, öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycanda insanlar çox savadlıdır, savadlılığın səviyyəsi demək olar, 100 faizdir. İqtisadi imkanlar var və biz bu problemi həll edəcəyik. Ermənistanla məsələni özümüz həll edəcəyik.

Mən indi hərbi büdcəni kəskin şəkildə artırıram. Azərbaycanda hərbi xərclər 2004-cü ildə 170 milyon dollar idi, 2005-ci ildə 300 milyon dollardır. 2006-cı ildə 600 milyon dollar olacaqdır. Demişəm ki, bizim hərbi xərclərimiz Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır və buna da nail olacağıq. Özümüz güclü olmalıyıq. Güclü olsaq, hər şeyi həll edərik.

X X X

Prezident İlham Əliyev sonra türkiyəli jurnalistlərlə xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir