AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ MOLDOVA PREZİDENTİ VLADİMİR VORONİNİN TƏKBƏTƏK GÖRÜŞÜ
Azərbaycan dövlətinin başçısı Moldova Prezidentini səmimiyyətlə salamlayaraq, dəvətini qəbul edib Bakıya rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirdi. Bu səfəri yüksək qiymətləndirən Prezident İlham Əliyev əmin olduğunu vurğuladı ki, aparılacaq danışıqlar, imzalanacaq sənədlər Azərbaycan ilə Moldova arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin gələcək inkişafına böyük təkan verəcəkdir. Dövlətimizin başçısı Moldova rəhbərinin ölkəmizə rəsmi səfərinin uğurla keçəcəyinə ümidvar olduğunu bildirdi.
Bakıya rəsmi səfərə dəvətə, Azərbaycan paytaxtında özünə və Moldova nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq edən Prezident Vladimir Voronin dost ölkələr arasında münasibətlərin inkişafına böyük önəm verdiyini vurğuladı.
Prezidentlər məmnunluqla xatırlatdılar ki, müstəqillik illərində ölkələrimiz arasında əlaqələr xeyli möhkəmlənmiş və genişlənmişdir. Azərbaycan və Moldova həm MDB və GUÖAM çərçivəsində, həm də BMT-də və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirlər. Hazırda ölkələrimizdə iqtisadiyyat sürətlə inkişaf edir ki, bu da gələcəkdə birgə layihələrin həyata keçirilməsinə əlverişli imkan yaradır.
Dövlət başçıları xüsusi vurğuladılar ki, Azərbaycan və Moldova təcavüzkar separatizmin nəticəsi olan işğala məruz qalmışlar. Buna son qoyulması, ölkələrimizin ərazi bütövlüyünün beynəlxalq hüquq normaları əsasında bərpa edilməsi üçün beynəlxalq təşkilatların səylərinin gücləndirilməsi vacibdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.