AZƏRBAYCAN PREZİDENTİ QARS QAFQAZ UNİVERSİTETİNDƏKİ HEYDƏR ƏLİYEV TƏDRİS MƏRKƏZİNDƏ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də Qars Qafqaz Universitetindəki Heydər Əliyev Tədris Mərkəzi ilə tanış olmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2007-ci ilin noyabrında açılmış Mərkəz vaxtilə ulu öndərin fəxri doktoru adına layiq görüldüyü Qars Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinin tələbələri üçün tədris bazası rolunu oynayır. Heydər Əliyev Fondu Mərkəzi əyani vəsaitlərlə təmin etmişdir. Burada ümummilli lider Heydər Əliyevin fəaliyyətini, ulu öndərin Türkiyəyə, eləcə də Qarsa səfərlərini əks etdirən fotoguşə yaradılmışdır.
Tədris Mərkəzində Azərbaycanın tarixinə, ədəbiyyatına dair nəşrlərdən ibarət zəngin kitabxana, oxu və kompyuter salonları fəaliyyət göstərir.
Prezident İlham Əliyev Tədris Mərkəzi ilə tanış oldu, xatirə kitabına ürək sözlərini yazdı.
Dövlətimizin başçısına xatirə hədiyyələri, o cümlədən ulu öndər Heydər Əliyevin fotoşəkli təqdim edildi.
Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi:
- Çox sağ olun, təşəkkür edirəm. Mən çox şadam ki, qardaş torpaqdayam. Qars şəhərində çox gözəl tədbir keçiriləcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisinin başlanması çox tarixi bir gündür. Bu yol Türkiyəni Azərbaycanla daha da sıx birləşdirəcək, qardaş xalqlarımızı bir-birinə daha da yaxın edəcəkdir. Biz bütün dövrlərdə bir yerdə olmuşuq, bir yerdə yaşamışıq. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib və bu gün ən yüksək zirvədədir. Heydər Əliyev Tədris Mərkəzində nümayiş etdirilən fotoşəkillər də bunu göstərir. Burada “Ümid körpüsü”nün - Naxçıvanla Türkiyə arasında tikilmiş körpünün fotoşəkilləri var. Digər şəkillər də var. Bu, böyük tarixdir və bu tarix bizi irəliyə aparır. İrəlidə isə bizi daha da böyük işlər gözləyir. Bütün türk xalqına cansağlığı, xoşbəxtlik və rifah arzulayıram.
######
![]() |
![]() |
![]() |


