AZƏRBAYCAN PREZİDENTİNİN TAPŞIRIĞI YERİNƏ YETİRİLİR, MOSKVADA HƏMVƏTƏNLƏRİMİZƏ KÖMƏK GÖSTƏRİLİR
Azərbaycan nümayəndələri bazarın uçduğu yerə gedərək, Rusiya Fövqəladə Hallar Nazirliyi xilasedicilərinin və Moskvanın müvafiq xidmətlərinin uçuqları təmizləməsi işi ilə tanış olmuşlar. Hadisə yerindəki əməliyyat qərargahında onları Moskvanın meri Yuri Lujkov qarşılamış, burada görülən işlər barədə ətraflı məlumat vermişdir. Lujkov xalqımıza dərin hüznlə başsağlığı verərək demişdir ki, paytaxt hökuməti zərərçəkənlərə kömək göstərilməsi üçün bütün lazımi işləri görür.
O.Şirəliyev və P.Bülbüloğlu həmvətənlərimizə yardıma, həlak olanlar və xəsarət alanlar barədə məlumat toplanılması, yaralıların paytaxt klinikalarına qoyulması, onlara tibbi yardım göstərilməsi işində köməyə görə Rusiya hökumətinə dərin təşəkkürlərini bildirmişlər.
Sonra onlar Moskva Səhiyyə Departamentinin rəhbəri V.Sobolevin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti Məmməd Əliyevin müşayiəti ilə həmvətənlərimizin müalicə olunduqları xəstəxanalara baş çəkmişlər. Xəsarət alan soydaşlarımız – 12 nəfər 29, 33, 39 və 71 nömrəli klinik xəstəxanalarda və Sklifosovski adına Elmi Tədqiqat İnstitutunda yerləşdirilmişlər. Xəstəxanaların baş həkimləri, institutun direktoru akademik A.Yermolov zərərçəkənlərin vəziyyəti barədə ətraflı məlumat vermiş, müalicənin gedişindən və yaralıların vəziyyətindən danışmışlar. Soydaşlarımızdan 5 nəfərinin vəziyyəti çox ağırdır. 4 nəfərinin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə sabitdir.
O.Şirəliyev və P.Bülbüloğlu palatalarda həmvətənlərimizlə görüşüb onların səhhətinin vəziyyəti ilə maraqlanmış, nə kimi yardıma ehtiyacı olduqlarını soruşmuşlar. Zərərçəkənlərə bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev vəziyyəti çox diqqətlə izləyir və vətəndaşlarımıza bütün lazımi yardım göstərilməsi, onların ehtiyaclarının öyrənilməsi, mənən dəstəklənməsi, habelə bütün zəruri xərcləri hökumətin öz üzərinə götürməsi barədə şəxsən göstəriş vermişdir. Yaralı soydaşlarımız, onların qohumları və yaxınları bu diqqət və qayğıya görə Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan nümayəndələri Özbəkistan və Tacikistandan olan yaralılara da baş çəkmişlər.
Elə həmin gün səfirlikdə O.Şirəliyevin, fövqəladə hallar naziri K.Heydərovun, RF Fövqəladə Hallar Nazirliyi Moskva İdarəsi rəisinin müavini T.Qromovanın, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Moskvadakı baş nümayəndəsi E.Hacıyevin, ÜAK-ın prezidenti M.Əliyevin iştirakı ilə təcili müşavirə keçirilmiş, həlak olanların cənazələrinin Vətənə göndərilməsinin təşkili məsələləri müzakirə edilmişdir. T.Qromova demişdir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi cənazələrin Azərbaycana aparılması üçün hər cür kömək göstərməyə hazırdır. Müşavirədə bildirilmişdir ki, cənazələrin respublikamıza gətirilməsi ilə bağlı bütün məsələlər, prinsipcə, həll olunmuşdur. “Azərbaycan Hava Yolları” Dövlət Konserni bu işi təşkil edəcəkdir.
Rusiya FHN-in son məlumatına görə, faciə nəticəsində 65 adam həlak olmuşdur. Hazırda 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanalardadır.