Azərbaycan qadınları ordu quruculuğunda əhəmiyyətli rol oynayırlar
Bakı, 8 mart, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrində xidmət edən və mülki qulluqçu kimi çalışan qadınların bir qrupu ilə görüşüb.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlət himni səsləndirildikdən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan qadınlarına təbriki oxunub.
Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxış edərək Silahlı Qüvvələrimizin bütün qadın heyətini bayram münasibətilə təbrik edib və vurğulayıb ki, Azərbaycan qadınları ordu quruculuğunda əhəmiyyətli rol oynayırlar.
“Bu gün Silahlı Qüvvələrimizdə bir çox hərbi vəzifələrdə və mülki işlərdə xanımlar məsuliyyət hissi ilə çalışırlar. Onların hərbi xidmətdə əldə etdikləri nailiyyətlər, göstərdikləri fədakarlıq nümunələri çoxdur və bu, hədsiz qürur hissi doğurur. Əminəm ki, hər zaman olduğu kimi, bu gün də Silahlı Qüvvələrdə çalışan, xidmət edən qadınlar dövlətin, xalqın və ordu rəhbərliyinin yüksək etimadını layiqincə doğruldacaqlar”, - deyə müdafiə naziri bildirib.
Silahlı Qüvvələrin qadın hərbi qulluqçuları adından çıxış edən tibb xidməti leytenantı Aynur Bayramova dövlətimiz tərəfindən qadınlara göstərilən diqqət və qayğını yüksək dəyərləndirib.
Bayram tədbiri Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri solistlərinin ifasında konsert proqramı ilə davam edib.