AZƏRBAYCAN RESPUBLİKASI “SƏKKİZLƏR QRUPU”NUN QLOBAL ENERJİ TƏHLÜKƏSİZLİYİ PROBLEMLƏRİNƏ DAİR YEKUN SƏNƏDİNİ ALQIŞLAYIR
Həmin sənəddə əksini tapmış “Qlobal enerji təhlükəsizliyi” fəaliyyət planı dünya enerji təhlükəsizliyi sahəsində bir çox məsələlərin həllinə imkan yaradan, bir növ strateji proqramın konstruktiv və vacib mexanizmidir. Bazarlara səmərəli daxilolmanın təmin edilməsi, enerji daşıyıcılarının, enerji mənbələri, nəqliyyat marşrutları və enerji daşıyıcılarının nəqli vasitələrinə təklif və tələbatın diversifikasiyası, ekoloji təmiz energetika texnologiyalarının tətbiqi və mübadiləsi üzrə müddəalar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan “Səkkizlər qrupu” ölkələrinin dünya ölkələri xalqlarının həyat keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm əhəmiyyəti olan effektiv, etibarlı və ekoloji təhlükəsiz enerji təchizatının təmin edilməsi üzrə öhdəliklərini xüsusilə alqışlayır.
Azərbaycan qarşılıqlı asılılığın artması şəraitində bütün maraqlı tərəflər arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyi barədə “Səkkizlər qrupu” iştirakçılarının fikri ilə həmrəydir. Bununla əlaqədar, Azərbaycan Xəzər dənizində karbohidrogenlərin istehsalının artırılmasında, onların hasilatı və istehsalı sisteminin və dünya səviyyəli nəqliyyat infrastrukturunun, xüsusilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin yaradılmasında əldə olunmuş müstəsna nailiyyətin əhəmiyyətini vurğulayır. Sammitdə enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi, Şərq-Qərb enerji dəhlizi çərçivəsində Xəzər dənizinin neft ehtiyatlarının inkişafı və dünya bazarlarına səmərəli nəql olunmasında strateji rol oynayan, həmçinin iqtisadi artım, regional sabitlik və beynəlxalq enerji təhlükəsizliyi üçün möhkəm zəmin yaradan neft boru kəmərinin istismara verilməsi mərasimi ilə üst-üstə düşmüşdür. Azərbaycan, həmçinin Şərq-Qərb enerji dəhlizinin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə öz sadiqliyini ifadə edir və tərəfdaşları ilə birlikdə Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) müvəffəqiyyətlə başa çatmasını gözləyir.
Azərbaycan “Səkkizlər qrupu” ölkələrinin çağırışında ifadə edilmiş birgə səylərə qoşulur və şəffaflığın artırılması, enerji bazarlarının gələcəyinin müəyyən edilməsi və qlobal sabitliyin təmin olunması, enerji sektorunda sərmayə mühitinin yaxşılaşdırılması, həyati əhəmiyyətli energetika infrastrukturunun fiziki təhlükəsizliyinin təmin edilməsi, iqlimin dəyişməsi və sabit inkişafı problemlərinin həlli vasitəsilə qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini vermək niyyətindədir.