“AZƏRBAYCAN RESPUBLİKASINDA YEYİNTİ MƏHSULLARININ KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
Kənd təsərrüfatı naziri İsmət Abasovun, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Baş direktoru Ramiz Həsənovun, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadənin, müxtəlif dövlət qurumlarının məsul işçilərinin, ölkəmizdə qida sənayesi sektorunda fəaliyyət göstərən istehsal və emal müəssisələrinin rəhbərləri iştirak etdiyi tədbiri iqtisadi inkişaf naziri Heydər Babayev açaraq, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlar nəticəsində tarazlı və dinamik iqtisadi inkişafa nail olunduğunu, həyata keçirilən tədbirlərin əhalinin sosial vəziyyətinin gündən-günə yaxşılaşmasında, ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasının sürətlənməsində və dünya birliyində layiqli yer tutmasında əhəmiyyətli rol oynadığını vurğulamışdır. Təsadüfi deyil ki, hazırda Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələrdəndir. 2005-ci ildə ümumi daxili məhsul (ÜDM) 26 faizdən çox, sənaye istehsalı 33,5 faiz, əhalinin pul gəlirləri isə 27 faiz artmışdır.
İqtisadi uğurların qazanılmasında sahibkarlığın inkişafına dövlətin göstərdiyi qayğının əhəmiyyətini xüsusi vurğulayan nazir Heydər Babayev demişdir ki, 2006-cı ildə dövlət büdcəsindən sahibkarlığın inkişafina əvvəlki illə müqayisədə 2 dəfə çox - 80 milyon manat (AZN) vəsait ayrılmış, sentyabr ayınadək müvəkkil kredit təşkilatları vasitəsilə 1312 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 65 milyon manata yaxın güzəştli kredit verilmişdir.
Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin 87 faizi istehsal və emal yönümlüdür. Bu layihələrin həyata keçirilməsi nəticəsində 13 mindən çox yeni iş yerinin açılması gözlənilir.
H.Babayev sahibkarlar tərəfindən keyfiyyət məsələlərinə diqqətin artırılmasının ölkədə ərzaq təhlükəsizliyi baxımından, eləcə də əhalinin keyfiyyətli və ekoloji təmiz məhsullarla təminatında aktual məsələlərdən olduğunu qeyd etmiş, yerli məhsulların keyfiyyətinin yüksəldilməsini və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin təmin edilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Nazir istehlak bazarında keyfiyyətsiz, insan həyatı və sağlamlığı üçün təhlükəli malların satılması hallarının hələ də müşahidə olunduğunu bildirmişdir. Bunu nəzərə alaraq, müəssisələrdə beynəlxalq standartlara cavab verən və ixrac yönümlü məhsul istehsal etmək və onların xarici bazarlara ixracını təmin etmək üçün istehsal prosesinə və məhsulun keyfiyyətinə nəzarət gücləndirilməli, dünya praktikasında geniş istifadə olunan keyfiyyətə nəzarət (HACCP) sistemlərinin tətbiqinə ciddi yanaşılmalı, texnoloji proseslər modernləşdirilməli, məhsullar sertifikatlaşdırılmalıdır.
Konfransda iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun “Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi probleminin həllində dövlətin rolu”, İİN-in Ekspertiza Mərkəzinin direktoru Xaliq Məmmədovun “Azərbaycan Respublikasının ixrac potensialının genişləndirilməsi yerli məhsulların keyfiyyətinin yüksəldilməsini tələb edir”, Antiinhisar Siyasəti Departamentinin direktor əvəzi Samir Dadaşovun “İstehlak bazarında məhsulların keyfiyyətinin mövcud vəziyyəti və yüksəldilməsinin aktual məsələləri” mövzularında məruzələri, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Türk Standartları İnstitutunun nümayəndələrinin, özəl qurumların rəhbərlərinin çıxışları dinlənilmişdir.
Konfransda əhalinin keyfiyyətli yeyinti məhsulları ilə təminatını yaxşılaşdırmaq, eləcə də ölkəmizin ixrac potensialını genişləndirmək məqsədi ilə bu sahədə səlahiyyətli orqan olan İqtisadi İnkişaf Nazirliyinin, habelə müəssisələrin üzərinə düşən vəzifələr barədə də ətraflı müzakirələr aparılmış, birgə müəssisələrdə keyfiyyətə nəzarət sistemlərinin tətbiqi üçün tədbirlərin həyata keçirilməsinin, beynəlxalq standartların istehsalatda tətbiq olunmasının, məhsulların müasir tələblərə uyğun sertifikatlaşdırılmasının vacibliyi qeyd olunmuş, fikir və təkliflər səslənmişdir.