AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov çap edilən seçki bülletenlərindəki bəzi məlumatlarda lazım olan dəyişikliklərin edilməsinə dair məsələni MSK üzvlərinin müzakirəsinə təqdim etmişdir. Qərara alınmışdır ki, seçki bülletenləri hazırlandıqdan sonra bəzi namizədlər çıxdıqda və ya onların qeydiyyatı ləğv edildikdə dairə və ya məntəqə seçki komissiyaları tərəfindən seçki bülletenlərində belə namizədlər və ya siyasi partiyalar, siyasi partiyaların blokları barədə məlumatların üstündən xətt çəkməklə həmin məlumatlar, habelə çap olunmuş seçki bülletenində qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku haqqında məlumata əlavə və ya dəyişikliklər haqqında müvafiq məlumatlar məntəqə seçki komissiyasının məlumat lövhəsində yerləşdirilsin.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova və Komissiyanın katibi Vidadi Mahmudov bəzi dairə seçki komissyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı təkliflər vermişlər. 16 saylı Yasamal ikinci, 35 saylı Xətai üçüncü, 68 saylı Cəlilabad kənd və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə dair qərarlar çıxarılmışdır.
MSK-ya daxil olmuş müraciətlər də müzakirəyə çıxarılmış və onlara dair müvafiq qərarlar qəbul edilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.