AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əlbəttə, dahilər haqqında söz söyləmək çox çətindir. Hələ sağlığında əfsanələşmiş cənab Heydər Əliyevin Azərbaycan və Türkiyə xalqlarının qəlbində xüsusi bir yeri vardır. Azərbaycana rəhbərlik etmək onun ən böyük istəyi idi. O, Azərbaycan və dünya siyasətinə yön verən, önəmli məsələlərin həllində rol oynayan nadir siyasətçilərdən idi.
Tükənməz enerjisi ilə günün 18-20 saatını dövlətinə və millətinə ayıran, dünyada hər kəsə qismət olmayan qədər xalqının sevgisini qazanan şəxsiyyət kimi Heydər Əliyev Azərbaycan Respublikasının sürətli yüksəlişində, ölkənin iqtisadiyyatının gücləndirilməsində və gənc dövlətin hərs-mərclikdən xilas edilməsində misilsiz rol oynamışdır. Tariximizin önəmli dövlət adamına çevrilən Heydər Əliyev doğma yurdun mənafeyini hər şeydən üstün tutaraq, xalqına və vətənini sevənlərə müstəqil Azərbaycanı bəxş edib getdi. Onun əziz xatirəsinin qiymətini bilənlər Azərbaycana xidmət etməlidirlər.
Azərbaycan tarixində ən mühüm və çətin məsələlərin həlli onun adı ilə bağlıdır. Azərbaycanı dünyaya tanıdan böyük öndər, dahi şəxsiyyət və dövlət adamı bu məziyyətləri ilə türk və dünya tarixində layiq olduğu yeri tutmuşdur.
Həyatını xalqına həsr edən və “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”- deyən böyük siyasət ustadı Heydər Əliyevin bu sözü Azərbaycan xalqının qəlbində silinməz iz buraxmışdır.
Ən böyük Azərbaycanlı artıq Yaradanın dərgahına getmişdir.
Ruhu şad olsun!
Sizlərin və Azərbaycan xalqının dərin acısını bölüşür, Azərbaycan və Türkiyə xalqlarına başsağlığı verirəm.
Nurəddin Aras
Türkiyənin İğdır bələdiyyəsinin sədri.