AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Azərbaycan xalqının görkəmli oğlu Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 81-ci ildönümü günündə Sizə minnətdarlıq sözləri ilə müraciət edim.
Prezident Heydər Əliyevin bütün həyatı və fəaliyyəti əsl vətənpərvərliyə və öz Vətəninə, öz xalqına təmənnasız xidmətə parlaq nümunədir.
Onun vətəndaş hünəri, çox zəngin təcrübəsi, dəyanəti və öz xalqının rifahı naminə fədakar əməyi sayəsində qardaş Azərbaycan xalqı iqtisadi və sosial həyatda böyük uğurlara nail olmuşdur.
Azərbaycan və gürcü xalqlarının getdikcə bərkiyən və genişlənən ənənəvi dostluğunun möhkəmlənməsində və inkişafında Heydər Əliyevin müstəsna və nadir rolu var.
Şübhə yoxdur ki, onun arzusu və titanik əməyi olmasaydı, möhtəşəm energetika layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin həyata keçirilməsi mümkün olmazdı, ona görə də neft kəmərinə Heydər Əliyevin adı verilməsi haqqında qərarı Gürcüstanda böyük sevinclə qarşıladılar.
Hesab edirəm ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş strateji tərəfdaşlığın layiqincə davam etdirilməsi onun nurlu xatirəsinə ən yaxşı abidədir.
İcazə verin, əlamətdar gün, Heydər Əliyevin doğum günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını bir daha təbrik edim.
Səmimiyyətlə Sizin,
Mixail Saakaşvili
Gürcüstan Prezidenti.