AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi hərarətlə təbrik edir, Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən müvəffəqiyyət və firavanlıq arzulayıram.
Müharibələrarası dövrdən Litva ilə Azərbaycan arasında mövcud olan əlaqələr qarşılıqlı anlaşma və hörmət əsasında inkişaf edir.
Bu gün ölkələrimiz arasında əlaqələrin getdikcə genişlənməsini və tamamilə yeni sahələri əhatə etməsini görmək xoşdur. Biz həmçinin Litva ilə Azərbaycan arasında dialoqun intensivləşməsinin, iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinin, mədəniyyət və idman sahələrində əməkdaşlığın yeni təzahürlərinin şahidiyik.
Litva Avropa Birliyinin və NATO-nun Cənubi Qafqaz ölkələri ilə, o cümlədən Azərbaycanla daha fəal əməkdaşlığını dəstəkləyir. Biz Azərbaycan ilə Avroatlantika cəmiyyəti arasında əlaqələrin möhkəmləndirilməsinə əməli köməyimizlə töhfə verməyə hazırıq.
Qarşılıqlı əlaqələrimizin xarakteri ölkələrimizin əməkdaşlığı möhkəmləndirmək üçün çox böyük potensiala malik olduğunu göstərir və əminəm ki, ölkələrimiz bundan faydalanacaqdır. Cənab Prezident, Sizin Litvaya səfəriniz Litva ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına və ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə yeni təkan verərdi.
Cənab Prezident, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Arturas Paulauskas
Litva Respublikası Prezidentinin
vəzifəsini müvəqqəti icra edən
Vilnüs, 21 may 2004-cü il.