AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir qrup əməkdaşına “Əməkdar mədəniyyət işçisi” fəxri adı və “Tərəqqi” medalı verdiyinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Siz bu Sərəncamlarınızla bir daha sübut etdiniz ki, ölkədə gedən prosesləri daim diqqət mərkəzində saxlayır, mənfi hallara qarşı qəti mübarizə aparmaqla yanaşı, müsbət hadisələri də layiqincə qiymətləndirirsiniz. Bu mükafatlar təkcə bir qrup əməkdaşımızın xidmətinə deyil – bütövlükdə Azərbaycan həmkarlar ittifaqı hərəkatına verilən qiymət, göstərilən diqqətdir.
Siz ümummilli liderimiz Heydər Əliyev məktəbini keçmisiniz. Bu məktəbin ənənələrini öz gündəlik fəaliyyətinizlə daha da inkişaf etdirir və zamana uyğun müasirləşdirirsiniz.
Ümummilli liderimizin fəaliyyətində prioritet təşkil edən cəhətlərdən biri də xalqın sosial, iqtisadi durumunu yaxşılaşdırmaq, onların əmək hüquqlarından lazımınca bəhrələnməsinə nail olmaq idi. Ona görə də ulu öndərimiz birbaşa bu vəzifənin daşıyıcısı olan həmkarlar ittifaqlarına qayğı göstərir, onun mübarizliyinə şərait yaradan qanunların, digər qaninvericilik aktlarının meydana gəlməsinə çalışırdı.
Xüsusilə bir məsələni deməyə bilmərik ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıdışı həmkarlar ittifaqlarını tariximizdən silinmək təhlükəsindən xilas etdi.
Təşkilatımız xalqa, xalqın böyük bir hissəsini sıralarında birləşdirən həmkarlar ittifaqına olan qayğını, məhəbbəti daim yüksək qiymətləndirmiş, məhəbbətə məhəbbətlə cavab vermişdir. Biz ən çətin məqamlarda ulu öndərimizlə bir olmuşuq.
Bu gün iftixarla xatırlayırıq ki, prezident seçkilərində məhz ilk dəfə olaraq AHİK - onun birinci qurultayı üzvlərimizin arzu və təkliflərini nəzərə alıb ümummilli liderimiz Heydər Əliyevin namizədliyini irəli sürmüşdü.
Biz bu gün daha bir əlamətdar hadisəni sevinc və iftixarla xatırlayırıq ki, 2003-cü il prezident seçkilərində seçimimizdə yanılmamışıq. Həmin il həmkarlar hərəkatının sıravi üzvləri, fəalları, liderləri ən yüksək posta Sizin namizədliyinizi təklif etmişdilər.
Siz Azərbaycan xalqının yeni tarixini yaradırsınız. İqtisadi, sosial, siyasi sahədə nailiyyətlər aydan-aya artır, xalqın rifah halı gündən-günə yüksəlir. Regionlarımızın inkişafı göz qabağındadır. Artıq açılan yeni iş yerləri yüz minlərlə hesablanır. Sosial sahədə yeritdiyiniz siyasət həmkarlar ittifaqlarının fəaliyyətini də gücləndirir. Biz indi işçilərin əmək, sosial hüquqlarını daha qətiyyətlə qoruya bilirik.
Hörmətli cənab Prezident!
Bir daha Sizə diqqətə və qayğıya görə milyon yarım həmkarlar ittifaqı üzvü adından minnətdarlığımızı bildiririk və əmin edirik ki, bundan sonra da xalqın rifahı naminə atdığınız addımları qətiyyətlə dəstəkləyəcəyik.
Dərin hörmətlə,
AHİK-in İcraiyyə Komitəsi