Azərbaycan rəssamlarının Xocalı faciəsinə həsr olunmuş əsərləri sərgilənir
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Muzey Mərkəzinin sərgi qalereyasında “Yaddaşlarda yaşayan Xocalı” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Muzey Mərkəzinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Ermənistan hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri soyqırımından danışıb. Bildirib ki, bu qətliamda 613 nəfər öldürülüb, 8 ailə tamamilə məhv edilib. Nazir müavini diqqətə çatdırıb ki, faciə nəticəsində 1500-dən çox tarixi abidə, 4 teatr, 26 muzey, 85 musiqi məktəbi və digər mədəniyyət ocaqları dağıdılıb.
Ə.Vəliyev bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı dünyanın bir çox ölkəsində tədbirlər təşkil olunub.
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bu sərginin bir neçə ildir keçirildiyini söyləyərək, təqdim edilən əsərlərin müsabiqə yolu ilə seçildiyini vurğulayıb. Bildirib ki, sərgi Xocalı faciəsi zamanı törədilmiş soyqırımı faktlarının təsviri, dekorativ sənət əsərləri vasitəsilə ifadə edilməsi, zaman-zaman azərbaycanlıların başına gətirilən faciələrin, genosid faktlarının bədii təcəssümü, eyni zamanda, xalqımızın müstəqillik, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə keçirilir.
Sərgi fevralın 27-dək davam edəcək.