“AZƏRBAYCAN-RUSİYA: ƏMƏKDAŞLIĞIN YENİ MƏRHƏLƏSİ”
“Azərbaycanın Rusiya ilə əlaqələri bizim üçün həmişə müstəsna əhəmiyyətə malik olmuş və bundan sonra da olacaqdır”. Zəmanəmizin görkəmli siyasətçisi, Prezident Heydər Əliyevin buraxılışın ilk səhifələrində verilmiş bu sözləri Azərbaycan-Rusiya münasibətlərinin indiki səviyyəsini, Azərbaycan rəhbərliyinin bu münasibətlərin mehriban qonşuluq və dostluq məcrasında inkişafına diqqətini çox dəqiq səciyyələndirir. Prezidentlər Heydər Əliyev və Vladimir Putin tərəfindən əsası qoyulmuş sarsılmaz ikitərəfli münasibətlər Azərbaycan dövlətinin indiki rəhbəri İlham Əliyev tərəfindən də möhkəmləndirilir. O, öz çıxışlarında Rusiya ilə strateji tərəfdaşlıq səviyyəsinə çatmış münasibətlərin Azərbaycan üçün öncül olduğunu daim vurğulayır.
Prezident İlham Əliyevin Moskvaya rəsmi səfərinə həsr olunmuş burlaxılışda Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Riyabovla müsahibə, Azərbaycan Baş nazirinin birinci müavini, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının həmsədri Abbas Abbasovun, RF Federasiya Şurasının sədri Sergey Mironovun, Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadənin, Rusiya hökuməti sədrinin müavini Viktor Xristenkonun, Moskvanın meri Yuri Lujkovun çıxışları dərc olunmuşdur. Buraxılışda gətirilən statistik məlumatlar ölkələrimiz arasında əlaqələrin dinamik inkişafını parlaq əks etdirir.
Azərbaycanla Rusiya arasında hümanitar sahədə əlaqələr son vaxtlar xüsusilə genişlənmişdir. Buraxılışda Bakıda keçirilmiş V Ümumdünya Rus Mətbuatı konqresinə, Rusiya Prezidentinin xanımı Lyudmila Putinanın Bakıya səfərinə, Bakı Slavyan Universitetinin fəaliyyətinə, Sankt-Peterburqda dahi Nizami Gəncəvinin abidəsinin ucaldılması ilə bağlı keçirilmiş yubiley tədbirlərinə xüsusi yer ayrılmışdır.
Dünya Dağ Yəhudiləri Konqresinin və yəhudi mədəniyyətinin qorunub saxlanması və inkişafı Ümumrusiya Fondunun prezidenti Zaur Gilalovun məqaləsində, habelə “Ruslar Azərbaycanda” icmalında Azərbaycanda ta qədimdən hökm sürən dini dözümlülük ab-havası məsələsinə toxunulmuşdur.
Üz qabığında və ilk səhifələrində iki ölkə prezidentlərinin portretləri verilmiş buraxılışı bir sıra rəngarəng fotoşəkillər bəzəyir.