Azərbaycan-Rusiya əməkdaşlığının genişləndirilməsi ölkələrimizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır
Bakı, 28 sentyabr, Tərgül Babayeva, AZƏRTAC
Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişafı, əməkdaşlığın genişləndirilməsi ölkələrimizin bu günü və gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Rusiya əlaqələrinin tarixi çox qədimə söykənir. Hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində son illər münasibətlərimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşılıqlı sərmayə qoyuluşu, iqtisadiyyat, sosial, humanitar, hərbi sahələrdə əməkdaşlığımız genişlənir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, bu yaxınlarda Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri, imzalanan sənədlər, hər iki prezidentin bəyanatları, həmçinin Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri, burada səsləndirdiyi xoşməramlı fikirlər ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir.
“Azərbaycan xarici siyasətində bütün dövlətlərlə, o cümlədən qonşularla əməkdaşlıq münasibətlərinə xüsusi önəm verir. Bu münasibət bircə işğalçı Ermənistan dövlətinə qarşı sərgilənmir. Ermənistanda cinayətkar rejim devrildikdən sonra hakimiyyətə gələn Paşinyan ortalıqda siyasi təlxəklik edir. Hesab edirəm ki, Ermənistan xalqı yaxşı düşünsə, Paşinyanı tez bir zamanda o postdan kənarlaşdıracaq”, - deyə Elman Məmmədov söyləyib.
O, qeyd edib ki, rusiyalı politoloqların da dediyi kimi Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə etibarlı tərəfdaşıdır.