Azərbaycan səfiri etimadnaməsini Ruanda Prezidentinə təqdim edib
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev etimadnaməsini Ruanda Prezidenti Pol Kaqameyə təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən görüşdə səfir Elman Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Ruanda Prezidenti Pol Kaqameyə çatdırıb.
Diplomat Ruanda ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu və Azərbaycanın bu ölkə ilə münasibətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.
Ruanda Prezidenti Pol Kaqame də öz növbəsində onun salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. Prezident Ruandanın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. P.Kaqame Azərbaycanın sürətli inkişafının ona xoş təəssürat bəxş etdiyini vurğulayıb.
Ruanda Prezidenti səfir Elman Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.