Azərbaycan səfiri Turizm və Abidələr üzrə Səudiyyə Komissiyasının prezidenti ilə görüşüb
Ər-Riyad, 16 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev ilə Turizm və Abidələr üzrə Səudiyyə Komissiyasının Prezidenti, şahzadə Sultan bin Salman Al Saud arasında görüş olub. Səfirliyin təşəbbüsü ilə keçirilən görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələr müzakirə edilib.
Rasim Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin Səudiyyə Ərəbistanı tərəfdən İslam Əməkdaşlıq Təşkilatı və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində daim dəstəkləndiyi üçün bu ölkənin rəhbərliyinə təşəkkürünü bildirib.
Səfir bu il iyulun 8-də Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında hava əlaqəsi haqqında Sazişin imzalandığına toxunaraq əminliklə bildirib ki, bu sənədin imzalanması iki ölkə arasında turizm, mədəni və ticarət sahəsində əlaqələrinin inkişafına təkan verəcək.
Həmçinin səfir R.Rzayev cari ilin dekabr ayında Ər-Riyad şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.
Turizm və Abidələr üzrə Səudiyyə Komissiyasının prezidenti şahzadə Sultan Al Saud qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğalını pisləyən ilk ölkələrdəndir. Komissiyanın prezidenti ölkəsinin bu münaqişədə Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini diqqətə çatdırıb. Şahzadə Sultan bin Salman Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyanın 4-cü iclasının gündəliyində duran məsələlərlə bağlı öz dəstəyini əsirgəməyəcəyini bildirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad