Azərbaycan Sent-Lusiyada təhsilin müasirləşdirilməsi təşəbbüsünə dəstək göstərib
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə Sent-Lusiyaya 100 ədəd notbuk ianə olunub. Bu münasibətlə oktyabrın 23-də Sent-Lusiya Xarici İşlər Nazirliyində təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Sent-Lusiyanın təhsil naziri Şoun Edvard, xarici işlər nazirinin müavini Janel Modeste-Stefen və Azərbaycanın Kubadakı səfiri, eyni zamanda, Karib Ölkələri Birliyi (CARICOM) yanında səlahiyyətli nümayəndəsi Ruslan Rzayev çıxış ediblər.
Sent-Lusiyanın dövlət rəsmiləri göstərilən humanitar yardıma və ölkənin təhsil sisteminin inkişafına verdiyi dəstəyə görə Azərbaycan hökumətinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Öz növbəsində səfir Ruslan Rzayev qeyd edib ki, Azərbaycan son illərdə beynəlxalq inkişaf və humanitar yardım sahəsində fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirib. O, ölkəmizin Qoşulmama Hərəkatına və COP29-a sədrliyi dövründə 20 kiçik ada dövləti (SIDS) də daxil olmaqla, ümumilikdə 100-dən artıq ölkə üçün inkişafa yardım və humanitar məqsədli layihələr həyata keçirdiyini, bu ölkələr sırasında CARICOM-a üzv 12 dövlətin də yer aldığını vurğulayıb.