MƏDƏNİYYƏT
Azərbaycan stendi Lüksemburq Beynəlxalq xeyriyyə Bazarının ziyarətçilərinin diqqət mərkəzində olub VİDEO
Lüksemburq, 12 noyabr, AZƏRTAC
Lüksemburq Böyük Hersoqluğunun təşkilatçılığı ilə keçirilən 62-ci Beynəlxalq Lüksemburq Bazarında Azərbaycan böyük stendlə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, “Azersun”, “Meyseri ve Silkway Cargo” şirkətlərinin dəstəyi və bu ölkədə yaşayan soydaşlarımız Seymur Əhmədov və Samir Məmmədovun təşkilatçılığı ilə Azərbaycan böyük stendlə Lüksemburq Beynəlxalq Bazarına qatılıb.
Lüksemburq Böyük Hersoqluğunun təşkilatçılığı ilə keçirilən, 50 ölkənin iştirak etdiyi və üç gün davam edəcək 62-ci xeyriyyə bazarına qonşu ölkələrdən minlərlə ziyarətçi gəlir.
Qala divarları formasında qurulmuş və milli ornamentlərlə bəzədilmiş Azərbaycan stendində Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrlər nümayiş olunur və ziyarətçilərə hədiyyə edilir. Bu nəşrlər stendimizi ziyarət edən lüksemburqlulara və turistlərə ölkəmiz haqqında ətraflı məlumat almağa imkan verir. Gün ərzində Azərbaycanı təmsil edən stenddə qurulmuş böyük ekranda mədəniyyətimizi təşviq edən video yayımlanır.
Azərbaycan stendində “Azərsun”, “Azərİpək”, “Gilan Holding”, “Aspi”, “Viva”, “iLoveBaku” şirkətlərinin “Made in Azerbaijan” brendi məhsulları, təravətli çaylar, meyvə şirələri, nar şirəsi, quru meyvələr, milli şirniyyatlarımız təqdim olunub. Lüksemburqluların Milad bayramı ərəfəsində keçirilən bazardan yaxınları üçün hədiyyələr almaq imkanı yaradır. Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş, Azərbaycan qadın geyiminin qədim atributu olan müxtəlif çeşidli ipək kəlağayılar stendimizi bəzəməklə yanaşı, Beynəlxalq Bazarda çox sevilən hədiyyələr arasındadır.
Azərbaycan stendinin ziyarətçiləri Azərbaycan milli mətbəxinin ləziz təamlarını dadırlar.
Qeyd edək ki, ölkəmiz artıq səkkizinci dəfə “Lüksemburq Beynəlxalq Bazarı”nda təmsil olunur. Multikulturalizm mühitində fəaliyyət göstərən bu bazar xeyriyyəçilik məqsədilə keçirilir, əldə edilən gəlir köməyə ehtiyacı olan ölkəyə verilir.
Hər il olduğu kimi, bu il də Azərbaycan stendinin təşkilatçıları stendimiz haqqında yerli RTL radiosunda da məlumat verib, stendi təşviq ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq