Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri - Xocalı soyqırımı
Bakı, 26 fevral, AZƏRTAC
Tarix İnstitutunda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə şəhidlərin, Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a Tarix İnstitutundan məlumat verilib.
Tədbirdə institutun icraçı direktoru Cəbi Bəhramov Xocalı faciəsinin dəhşətlərindən danışıb. Qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfər ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.
Tarix elmləri doktoru, professor Mais Əmrahov, tarix elmləri doktoru şair Şahin Fərzəliyev tarix üzrə fəlsəfə doktorları İlqar Niftəliyev, Mübariz Ağalarov, Nazim Vəlişov çıxışlarında XX əsrdə Azərbaycan xalqının bir neçə dəfə faciə və soyqırımına məruz qaldığını qeyd edib, Xocalı hadisələrinin dünya ictimaiyyətinə təfərrüatı ilə çatdırılmasının vacibliyini vurğulayıblar.