Azərbaycan tolerantlıqla bağlı mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan dünyaya tolerant ölkə modeli kimi təqdim edilir və tolerantlığa həsr olunan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Bu fikirlər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri Şeyxə Lübnə Əl Qasiminin Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov ilə görüşündə səsləndirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə D.Şikarov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri, ermənilərin tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törətdikləri amansız soyqırımları haqqında məlumat verib. O, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanın dünyaya tolerant ölkə modeli kimi təqdim edildiyini və ölkəmizin tolerantlığa həsr edilən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini bildirib.
Səfir Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun 2015-ci ilin aprelində ölkəmizə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin fevralında BƏƏ-yə rəsmi səfərini xatırladaraq, hər iki səfərin uğurla keçdiyini və ikitərəfli əlaqələrin daha da sıxlaşmasına böyük töhfələr verdiyini vurğulayıb. O, ikitərəfli əlaqələrin inkişafı baxımından qarşılıqlı səfər mübadilələrinin əhəmiyyətini diqqətə çatdırıb.
Xanım Şeyxə Lübnə BƏƏ-nin xarici ticarət naziri vəzifəsini icra etdiyi zaman - 2007-ci ildə Azərbaycana səfər etmiş ilk hökumət rəsmisi olduğunu qeyd edərək, paytaxt Bakının çox gözəl və səliqəli şəhər olduğunu, habelə zəngin mətbəximizin çeşidli təamlarından zövq aldığını bildirib. O, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrdən narahatlığını ifadə edərək, problemin sülh yolu ilə həllinin zəruriliyini qeyd edib.
Səfir paytaxt Bakının və ümumiyyətlə ölkəmizin simasının son 10 il ərzində sürətlə dəyişdiyini və daha da gözəlləşdiyini diqqətə çatdıraraq, respublikamızda görülən sosial-iqtisadi və tikinti-quruculuq işləri barədə məlumat verib. O, Azərbaycanda Avropanın ən mötəbər musiqi yarışı olan “Eurovision” müsabiqəsinin, birinci Avropa Oyunlarının keçirildiyini, bu il iyunun 17-19-da ölkəmizin Formula 1 Avropa Qran-prisinə, 2017-ci ildə isə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyini xatırladıb.
Səfir D.Şikarov Dövlət naziri Şeyxə Lübnə Əl Qasimini Azərbaycana səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirən Şeyxə Lübnə tezliklə Azərbaycana səfər edəcəyini bildirib.