Azərbaycan-Türkiyə strateji münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qars şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluğa və qardaşlığa əsaslanan strateji münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusi vurğulanıb.
Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini qeyd ediblər.
Görüşdə, həmçinin regionda və dünyada cərəyan edən hadisələr barədə fikir mübadiləsi aparılıb.