ORDU
Azərbaycan ümumrusiya veteranları ictimai təşkilatlarının yubiley konfransında təmsil olunub
Bakı, 3 oktyabr, AZƏRTAC
Moskvada ümumrusiya veteranları ictimai təşkilatlarının 60 illik yubileyi münasibətilə konfrans keçirilib. İyirmi iki ölkədən nümayəndələrin qatıldığı tədbirdə Azərbaycanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil edib.
Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, yubiley konfransının iştirakçıları Sovet İttifaqı marşalı Georgi Jukovun abidəsi önünə əklil qoyublar.
Yubiley konfransında Rusiya Veteranlar Təşkilatının sədri, ehtiyatda olan ordu generalı Mixail Moiseyev çıxış edib.
Konfransda çıxış edən Cəlil Xəlilov İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycanın böyük rolundan, azərbaycanlıların qəhrəmancasına vuruşaraq ən yüksək fəxri adlara, orden-medallara layiq görülməsindən, qanlı döyüşlərdə 300 mindən çox soydaşımızın həlak olmasından danışıb. Ölkəmizdə 9 May - Qələbə Gününün hər il böyük təntənə ilə qeyd edildiyini, veteranlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bildirən C.Xəlilov tədbir iştirakçılarının diqqətini ermənilərin tarixi, o cümlədən İkinci Dünya müharibəsinin tarixini saxtalaşdırmaq cəhdlərinə yönəldib, belə münasibətin yolverilməzliyini bildirib. Azərbaycanın bu məsələlərdə tutduğu qəti və obyektiv mövqeyi tədbir iştirakçılarının diqqətinə çatdıran C.Xəlilov deyib: “Bu gün Azərbaycanın ərazisinin 20 faizdən çox hissəsini işğal altında saxlayan Ermənistan təcavüzkarlıq siyasətini davam etdirməklə qalmır, alman faşizminə xidmət göstərmiş erməni cəlladları general Dronun, Qaregin Njdenin bəraətinə çalışır. Azərbaycan cəmiyyəti, o cümlədən veteranlar bunu kəskin şəkildə qınayıb, dünya ictimaiyyətini erməni faşızminin ifşasına biganə qalmamağa səsləyib. Bununla bağlı Azərbaycan veteranları adından müraciət hazırlanaraq MDB ölkələrinin dövlət və hökumət başçılarına, həmin ölkələrin parlament üzvlərinə, veteran təşkilatlarına, beynəlxalq qurumlara göndərilib”.
Müraciətin mətnini yubiley konfransının rəyasət heyətinə təqdim edən C.Xəlilov Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinə önəm verdiyini, ötən illərdə qurumun bu istiqamətdə fəaliyyətinin daha səmərəli olduğunu vurğulayıb.
Sonra C.Xəlilov yubiley münasibətilə Rusiya Veteranlar Təşkilatının muzeyinə qiymətli hədiyyələr təqdim edib.
Həmçinin Rusiya Veteranlar Təşkilatının sədri, ehtiyatda olan ordu generalı Mixail Moiseyevə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından “Veteran həmrəyliyi” medalı təqdim olunub.