Azərbaycan və Hindistan vəkillər kollegiyaları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 14-dən 17-dək Hindistan Vəkillər Kollegiyasının dəvəti ilə bu ölkədə olub.
Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib.
Tədbir iştirakçıları üçün əvvəlcə Hindistan Vəkillər Kollegiyasının prezidenti Prashant Kumarın paytaxt Nyu Dehlidə yerləşən iqamətgahında rəsmi ziyafət təşkil olunub.
Növbəti gün baş tutan konfrans “2023-cü il Nyu Dehli - “Qanunun aliliyinə dair Beynəlxalq Konvensiya”ya həsr olunub.
Konfransda Beynəlxalq Vəkillər Kollegiyasının (IBA) baş katibi, Beynəlxalq Vəkillər Assosiasiyasının (UIA) vitse-prezidenti, dünyanın müxtəlif ölkələrindən vəkillər kollegiyaları və hüquq cəmiyyətlərinin rəhbərləri, habelə dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Konfransın plenar iclasında məruzəçilərdən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Yunis Nəsibov “Beynəlxalq kommersiya mübahisələrinin həlli: İnkişaf etməkdə olan bazar və iqtisadiyyat üçün mükəmməllik mərkəzləri şəbəkəsinin problemləri və inkişaf perspektivləri” mövzusunda çıxış edib. Y.Nəsibov Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi, Beynəlxalq Ticarət Palatasının (ICC) kommersiya mübahisələri, beynəlxalq kommersiya mübahisələrinin həllində Azərbaycan Vəkillər Kollegiyasının rolu, bu sahədə konfrans və seminarların keçirilməsi və bir sıra digər aktual məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra “Qlobal miqyasda qanunun aliliyinin təşviqində vəkillərin və onların birliklərinin rolu” mövzusunda Vəkillər kollegiyalarının dəyirmi masası baş tutub. Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən Azərbaycanda vəkillik institutunun nüfuzunun artırılması istiqamətində həyata keçirilmiş tədbirlər, habelə qanunvericiliyin təkminləşdirilməsi, ölkə başçısının bir sıra fərmanları, onların əhəmiyyəti, pulsuz hüquqi yardımın göstərilməsi ilə əlaqədar mövcud problemlər, görülmüş işlər, qarşıda duran vəzifələr və prespektivlərlə bağlı məlumatları ilə tədbir iştirakçılarını yaxından tanış edib.
Tədbir çərçivəsində Azərbaycan və Hindistan Vəkillər kollegiyaları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb, xüsusilə Hindistanda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan hindistanlıların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə təşəbbüslərə dair müddəalar memorandumda təsbit olunub.
Qeyd edək ki, hər iki qurum Asiya və Sakit Okean hövzəsi ölkələrinin hüquq cəmiyyətlərinin birliyinin (LAWASIA) üzvüdür.
Azərbaycan Vəkillər Kollegiyası tərəfindən Hindistan Vəkillər Kollegiyasının rəhbərliyinə Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərinə və Atəşgah məbədinə həsr edilmiş əsərlər, rəsmi emblemi, habelə bir sıra digər hədiyyələr təqdim edilib.
Gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovla Beynəlxalq Vəkillər Kollegiyaları Assosiasiyasının baş katibi və bir sıra ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi, habelə LAWASIA təşkilatı çərçivəsində gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Sonda tədbir iştirakçıları üçün Hindistan Vəkillər Kollegiyası tərəfindən Aqra şəhərində yerləşən, 1983-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində “Dünyanın yeddi yeni möcüzəsi” siyahısına salınan Tac-Mahal abidəsinə səfər təşkil olunub.