Azərbaycan və Misir arasında iqtisadi əlaqələrin perspektivləri müzakirə edilib
Bakı, 9 mart, AZƏRTAC
Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Hala Əl-Səidin Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxov ilə görüşündə iki ölkə arasında iqtisadi əlaqələrin perspektivləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, nazir Hala Əl-Səid Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də Bakıya səfəri çərçivəsində imzalanmış sənədlərin, o cümlədən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla imzalanan Anlaşma Memorandumunun ölkələrimiz arasında iqtisadi əməkdaşlığa təkan verəcəyini bildirib. O vurğulayıb ki, səfər zamanı Misirin dövlət başçısının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ikitərəfli əlaqələrin daha da dərinləşməsində yeni mərhələnin başlanğıcı olub. H.Əl-Səid qeyd edib ki, Bakıda azərbaycanlı və misirli iş adamlarının iştirakı ilə keçirilən biznes-forumu, həmçinin nazirlərin görüşləri göstərdi ki, infrastruktur layihələri, investisiya, nəqliyyat, bərpa olunan enerji sahələrində geniş əməkdaşlıq imkanları mövcuddur. Süveyş Kanalı Azad İqtisadi Zonası və Misirin Suveren Fondu da Azərbaycanın uyğun qurumları ilə birgə proqramlar həyata keçirə bilər.
Səfir E.Poluxov, öz növbəsində, iki dost ölkə arasında ticarət, kiçik və orta sahibkarların əlaqələri, investisiya üzrə sazişlərin əhəmiyyətindən bəhs edib. O bildirib ki, ötən ilin fevralında Bakıda keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası qarşıdakı illərdə əməkdaşlığın inkişafının yol xəritəsini təsdiq edib.