SİYASƏT
Azərbaycan və Polşanın yeni əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
Nazir bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni tərəfdaşlıq sahələri üçün əlverişli imkanlar yaratdığını və bu çərçivədə Azərbaycanın Polşa ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Ceyhun Bayramov qarşı tərəfi Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Sülh sazişinin uğurla tamamlanması üçün Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər edilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.