SİYASƏT
AZƏRBAYCAN VƏ TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİ DİASPORLARIN ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞLƏR
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Vaşinqtonda “Azərbaycan-Türkiyə-ABŞ əlaqələri və onların Avrasiya üçün əhəmiyyəti” mövzusunda keçirilmiş beynəlxalq konfransın işində iştirak etmiş Azərbaycan və Türkiyə nümayəndə heyətinin üzvləri türk və Azərbaycan diasporlarının üzvləri ilə görüşmüşlər.
Görüşdə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, Azərbaycan Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, ATİB-in idarə heyətinin sədri Əhməd Erentok, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov və başqaları iştirak etmişlər.
Soydaşlarla görüşdə bu il Bakıda keçirilmiş Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın hər iki ölkənin diaspor təşkilatları qarşısında qoyduqları əsas vəzifələr, xüsusilə əlaqəli və səmərəli fəaliyyətin reallaşdırılması yolları barədə müzakirələr aparılmışdır.
Görüşdə konkret təkliflər irəli sürülmüş, müvafiq qərarlar qəbul olunmuşdur.