AZƏRBAYCAN VƏ UKRAYNA PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ VƏ İKİTƏRƏFLİ SƏNƏDLƏRİN İMZALANMASI
Prezident Leonid Kuçma görüşdə çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdikləri təkbətək görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafının perspektivləri barədə səmərəli müzakirələr aparılmışdır. O, xüsusi vurğuladı ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-Ukrayna əlaqələrinin möhkəm təməli var və bu gün Prezident İlham Əliyev həmin xətti davam etdirir.
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya dövlət səfərinə dəvətə və özünə, habelə respublikamızın nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq edərək dedi ki, Ukrayna və Azərbaycan xalqlarının tarixi dostluq əlaqələri var və ölkələrimiz indi də bütün sahələrdə uğurlu əməkdaşlıq edirlər.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə dair geniş müzakirələr aparıldı.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra ikitərəfli sənədlərin imzalanması mərasimi oldu.
Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Leonid Kuçma Birgə bəyannamə imzaladılar.
Neft-qaz sahəsində əməkdaşlığın əsas prinsipləri, neft-qaz maşınqayırması sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında sazişlər, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, habelə döyüş sursatının, partlayıcı maddələrin, narkotik preparatların, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında, sənayenin müdafiə sahələri müəssisələrinin istehsal və elmi-texniki kooperasiyası haqqında, milli televiziyalar arasında əməkdaşlıq haqqında sazişlər və digər sənədlər imzalandı.