Azərbaycan və Ukraynanın qida mütəxəssisləri arasında videokonfrans keçirilib
Bakı, 17 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi və Ukraynanın Qida Məhsullarının Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans formatında keçirilən görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın perspektivləri və görüləcək işlər müzakirə olunub.
Tədbirdə “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiya”nın 12-ci iclasının Protokolunda olan müddəaların icrası üzrə görülmüş işlər barədə məlumat verən Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva iki ölkə arasında qida təhlükəsizliyi sahəsində gələcəkdə imzalanacaq sazişin birgə əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
Birgə əməkdaşlıq çərçivəsində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə təcrübə mübadiləsinin genişləndirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Ukraynanın Qida Məhsullarının Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinin rəhbəri Vladislava Magaletskaya iki ölkə arasında baytarlıq, bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu sahədə uğurlu nəticələrə ümid bəslədiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Görüşdə ötən il iki ölkə arasında qida məhsullarının idxal-ixrac əməliyyatları və ölkəmizdən Ukraynaya qida məhsullarının ixrac potensialı, həmçinin müvafiq sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi haqqında müzakirələr aparılıb.