AZƏRBAYCAN VƏ YƏHUDİ DİASPOR TƏŞKİLATLARI ARASINDA ƏMƏKDAŞLIĞIN İNKİŞAFI ÜÇÜN GENİŞ İMKANLAR VAR
Görüşdə yəhudi və Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Bu yaxınlarda ABŞ-da Amerika Yəhudiləri Konqresinin 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etdiyini xatırladan N.İbrahimov yəhudi diasporunun böyük təcrübəyə malik olduğunu və Azərbaycan icmalarının da bundan faydalanmağa ehtiyac duyduqlarını söyləmişdir.
Y.Şaqal Azərbaycanda doğulduğunu və uzun müddət yaşadığını, buranı özünə ikinci vətən hesab etdiyini bildirmişdir. Hazırda İsraildə Azərbaycanda doğulmuş minlərlə yəhudinin yaşadığını xatırladan qonaq, xalqlarımız arasında dərin tarixi köklərə malik dostluq ənənələrinin indi də davam etdiyini vurğulamışdır.
Azərbaycan və yəhudi diasporları arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu bildirən Y.Şaqal bu potensialdan daha səmərəli istifadə etməyə ehtiyac duyulduğunu söyləmişdir. Ölkələrimiz arasında əlaqələrin getdikcə inkişaf etdiyini vurğulayan qonaq demişdir ki, tarixən Azərbaycan yəhudilərin daim rahat və təhlükəsiz yaşadığı ölkələrdən biri olmuşdur. Buna görə də bütün yəhudi xalqı Azərbaycanı sevir, onun inkişafını, tərəqqisini arzulayır.