“Azərbaycan vətənimdir!” adlı onlayn beynəlxalq rəqs müsabiqəsi keçirilir
Bakı, 16 mart, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan vətənimdir!” adlı onlayn beynəlxalq rəqs müsabiqəsinə start verilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, respublika üzrə uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri və xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı uşaqların rəqs kollektivləri arasında keçirilən müsabiqənin məqsədi uşaq və gənclərə Azərbaycan xalq rəqslərinin tarixini, milli xüsusiyyətlərini öyrətmək və təbliğ etmək, uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, istedadlı gəncləri üzə çıxartmaqdan ibarətdir.
Mayın 28-dək onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupunda (6-10, 11-14, 15-18) “Azərbaycan xalq rəqsləri” nominasiyası üzrə 2 mərhələdə keçirilir. Aprelin 30-dək davam edəcək I mərhələdə seçilmiş rəqs videoları 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron ünvanına ([email protected]) göndərilməlidir.
Mayın 1-dən 28-dək keçiriləcək II mərhələdə qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək. Qalib və fəal iştirakçılar diplom və sertifikatlarla təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.
İştirakçılar müsabiqəyə müxtəlif yaş qrupları üzrə tək (solo) və ya kollektiv (qrup) formada qatıla bilərlər, iştirakçı müsabiqəyə yalnız bir rəqs videosu təqdim edə bilər, videonun müddəti 3-5 dəqiqədən çox olmamalıdır, iştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər, təqdim olunan videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır, videonun əvvəlində iştirakçının adı, soyadı, yaşı, məşğul olduğu mərkəzin və ölkənin adı qeyd edilməlidir.
Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda +99455-232-31-73 və +99455-540-08-54 telefon nömrələri ilə əlaqə saxlamaq mümkündür.