Azərbaycan Xalq Cümhuriyyəti: maarifçilik və identiklik
Bakı, 18 yanvar, AZƏRTAC
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli Sərəncamının icrası ilə əlaqədar yanvarın 18-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: maarifçilik və identiklik” mövzusunda tədbir keçirilib.
Rayon icra hakimiyyəti başçısının müavini Aynur Abbasova Bilik Fondu ilə səmərəli əməkdaşlıqdan danışıb, müxtəlif sahələr üzrə mütəmadi təşkil olunan maarifləndirici mühazirələrin əhəmiyyətini qeyd edib.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev ölkə Prezidentinin imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) mövcud olduğu qısa müddətdə həyata keçirdiyi tədbirlərdən, müxtəlif illərdə cümhuriyyət tarixinin öyrənilməsinə laqeyd münasibətdən danışıb, tariximizin bu səhifəsinin tədqiqinin məhz ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırıldığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini konkret faktlarla əsaslandırıb.
Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti: maarifçilik və identiklik” mövzusunda çıxış edən, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə ilk tarixçi filosof kimi qiymətləndirilən Abbasqulu Ağa Bakıxanov, elmin populyarlaşdırılması ilə məşğul olan Həsən bəy Zərdabi, fransız və alman fəlsəfəsinin dərin bilicisi kimi tanınan Mirzə Fətəli Axundovun və digərlərinin yaradıcılığına ekskurs edib, onların milli dirçəlişdəki rolundan danışıb. Xalq Cümhuriyyəti dövründə Azərbaycanda maarifçiliyin fəlsəfi mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.
İ.Məmmədzadə AXC banilərinin həm İslam fəlsəfəsi, həm də dünya fəlsəfi fikir tarixi barədə kifayət qədər biliyə malik olmalarından və bu təfəkkür tərzinin yeni yaradılmış dövlətə milli çalar verməsindəki rolundan bəhs edib.
Sonda suallar cavablandırılıb.