“Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçilik, müasir düşüncə, mənəvi varislik” mövzusunda tədbir keçirilib
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Binəqədi rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Binəqədi Gənclər evində “Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçilik, müasir düşüncə, mənəvi varislik” mövzusunda tədbir keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Baş İdarənin rəis müavini Aydın Yusifov, Binəqədi rayon gənclər və idman idarəsinin rəisi Elvin Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəmsi Gülverdiyev və digərləri çıxışlarında dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin əhəmiyyətindən danışıblar. Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlərin xalqımızın tarixində silinməz iz buraxdığını, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadığını qeyd ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nahid Məmmədov mövzu ətrafında geniş məruzə ilə çıxış edib, Azərbaycan Xalq Cümhuriyyətinin və onun hüquqi varisi olan müstəqil Azərbaycanda həyata keçirilən din siyasəti barədə məlumat verib.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.