CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Beyrut şəhərində də qeyd olunub
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi Livanın Beyrut şəhərində də qeyd edilib.
Azərbaycanın Livandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı keçirilən rəsmi qəbulda Livanın yüksəkvəzifəli dövlət rəsmiləri, tanınmış ictimai-siyasi xadimləri, Livan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Livanın KİV təmsilçiləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Türkiyə və Qazaxıstan səfirliklərinin geniş tərkibdə diplomatik heyəti, fəxri konsullar, Livandakı və Suriyadakı Azərbaycan icmalarının üzvləri, ölkəmizdə təhsil almış livanlı məzunlar, iş adamları və digər qonaqlar iştirak ediblər.
Səfirlik tərəfindən keçirilmiş tədbirdə Livan prezidentini energetika və meliorasiya naziri Sezar Əbi Xəlil, Baş naziri rabitə naziri Camal Əl-Carrah, parlament sədrini deputat Məhəmməd Qabbani, xarici işlər və mühacirlər nazirini isə nazirliyin protokol idarəsinin rəisi xanım Nəclə Riyaşi təmsil ediblər.
Azərbaycanın və Livanın dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Ağasəlim Şükürov tədbiri açaraq Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti barədə məlumat verib. Səfir Azərbaycan Respublikasının yarandığı gündən bəri dünya ölkələri ilə, xüsusən də qardaş ərəb ölkələri ilə hərtərəfli əlaqələrin qurulmasına səy göstərdiyini diqqətə çatdırıb. O, 2015-ci ildə ölkəmizin Beyrutdakı səfirliyinin təsis olunmasının bunun bariz nümunəsi olduğunu qeyd edib. Azərbaycan Respublikasının Livanla bütün sahələrdə dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsinə böyük önəm verdiyini söyləyən səfir bu əlaqələrin inkişaf etdirilməsinin Livanda akkreditə olunmuş səfirliyimizin fəaliyyətinin əsasını təşkil etdiyini bildirib. Azərbaycanla Livan arasında tarixi əlaqələrlə yanaşı, bir sıra oxşar cəhətlərin olduğunu, hər iki ölkənin qədim mədəniyyətlərin beşiyi olduğunu, təbiəti, musiqisi və milli mətbəxi ilə bütün dünyada tanındığını vurğulayan səfir Bakıda Livan səfirliyinin təsis edilməsinin ikitərəfli əlaqələrimizi daha da gücləndirəcəyinə əmin olduğunu qeyd edib.
Sonra AXC-nin yaranmasından bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi, eləcə də xalq və klassik musiqilərimizin müşayiəti ilə Azərbaycanın təbii mənzərələri, tarixi-mədəni abidələri, turizm məkanları, musiqisi, adət-ənənələri, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, müxtəlif sahələrdə əldə olunmuş nailiyyətlər və meqalayihələrdən bəhs edən digər filmlər nümayiş etdirilib, qonaqlara ziyafət verilib.
Eyni zamanda, tədbirdə iştirak edən qonaqlara AXC-nin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “İrs” jurnalının xüsusi sayı, “Əbədi ezamiyyət” filminin diskləri, görkəmli şəxsiyyətlər silsiləsindən “Heydər Əliyev” kitabının ərəbcə nüsxələri, Azərbaycanın müxtəlif bölgələrinin xalçaçılıq xüsusiyyətlərindən bəhs edən elmi jurnallar və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təbliğat materialları təqdim olunub.