Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Manilada da qeyd edilib
Manila, 31 may, AZƏRTAC
Mayın 31-də Filippin paytaxtındakı “Manila Polo Klubu” kompleksində Azərbaycanın Maniladakı fəxri konsulluğu ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, qəbulda əsas qonaq qismində Filippin Respublikasının xarici iqtisadi əlaqələr üzrə katib müavini (xarici işlər nazirinin müavini) səfir Manuel Teehankee ilə yanaşı, digər dövlət orqanlarının rəsmiləri, Manilada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, iş adamları, media mənsubları və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Tamerlan Qarayev qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan xalqı qədim dövlətçilik tarixinə, mədəniyyətinə və ənənələrinə malikdir. Əsrlər boyu xalqımız müxtəlif adlar altında dövlətlər quraraq, onları idarə edib. Təbii sərvətləri və geostrateji mövqeyinə görə bu dövlətlər hər zaman digər güclərin diqqət mərkəzində olub və müxtəlif növ təzyiqlərə məruz qalıb. Lakin Azərbaycan xalqının müstəqillik arzusu və mübarizəsi heç vaxt tükənməyib və XX əsrin əvvəllərində Rusiya imperiyası süquta uğradıqdan sonra azərbaycanlılar növbəti müstəqil dövlət qurmaq fürsəti əldə ediblər. Daxili və xarici əksqüvvələrə qarşı qanlı mübarizədən sonra nəhayət 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. Bu Cümhuriyyət hələ o dövrdə söz azadlığı, demokratiya, gender bərabərliyi, multikulturalizm və ali universitet təhsili kimi məxsusi dəyərlərə malik olan Şərqin ilk demokratik respublikası idi. 100 il əvvəl bizim parlamentimizdə qadın üzvlər var idi. Buna görə də bu il biz Cümhuriyyətimiz ilə yanaşı, parlamentimizin, qadınlarımızın səsvermə hüququnun və silahlı qüvvələrimizin 100 illik yubileylərini qeyd edirik. Dövrün unikal sistemi olan AXC cəmi 23 il yaşadı və bolşeviklərin işğalı ilə üzləşən Cümhuriyyət Sovet İttifaqının bir hissəsinə çevrildi. Nəhayət 71 ildən sonra, Sovet İttifaqının parçalanması nəticəsində Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi.
T.Qarayev qeyd edib ki, Sovet İttifaqı 1918-ci ildə AXC-yə məxsus olmuş böyük ərazilərin bir hissəsini Ermənistana verib. Bugünkü Ermənistan dövləti məhz qədim Azərbaycan torpaqlarında kənar güclərin geosiyasi oyunları nəticəsində yaranıb.
Səfir müstəqil Azərbaycanın dinamik inkişafı, dünyaya sürətli inteqrasiyasından da bəhs edib. Qeyd edib ki, müstəqilliyin ilk günlərindən qonşu Ermənistanın təcavüzü ilə üzləşən, torpaqlarının 20 faizini itirən və bunun nəticəsində əhalisi Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalan, əhalisinin 1 milyonundan çoxu qaçqın və məcburi köçkünə çevrilən Azərbaycan mübarizə aparmaqda davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan dünyaya multikulturalizm, tolerantlıq ixrac edir, regional rifah naminə Ermənistanın təcavüzünü sülh və danışıqlar yolu ilə həll etməyə çalışır.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq əldə edilən nailiyyətlərimiz, iqtisadi uğurlarımız və transmilli layihələrdən də bəhs edib. Qeyd edib ki, bu il biz eyni zamanda, müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin 95 illik yubileyini də qeyd edirik. Yuxarıda sadalanan nailiyyətlərin bünövrəsi məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. O dahi şəxsiyyət yalnız Azərbaycanın deyil, bütün regionun tarixini dəyişib.
Azərbaycan-Filippin ikitərəfli əlaqələrinə toxunan səfir bu əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Tədbirdə əsas qonaq qismində çıxış edən xarici iqtisadi əlaqələr üzrə katib müavini səfir Manuel Teehankee Filippin hökuməti adından Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə səmimi təbriklərini çatdırıb və bir il öncə Filippin ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladıb. İki ölkə arasında qarşılıqlı maraq kəsb edən sahələr, o cümlədən ticarət, iqtisadi əməkdaşlıq və humanitar mübadilə sahələrində də dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək niyyətində olduqlarını vurğulayıb.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Əbədi Ezamiyyət” filmindən süjetlər, müasir Azərbaycanın sürətli inkişafı haqqında video materiallar nümayiş olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Manila