CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Belqradda rəsmi qəbul keçirilib
Belqrad, 29 may, AZƏRTAC
Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.
Tədbirin əvvəlində Belqrad Uşaq Mədəniyyət Mərkəzi xorunun canlı ifasında Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndirilib.
Səfir Eldar Həsənov çıxış edərək 28 Mayın Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz günlərdən biri olduğunu qeyd edib. Bildirib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət atributlarını yaratmağa, irqindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqlar verməyə, qadınların seçki hüququnun tanınmasına və digər demokratik dəyərləri təsbit etməyə, eyni zamanda, bir çox ölkələrlə diplomatik əlaqələr qurmaqla dünya birliyində müstəqil dövlət kimi yerini tutmağa müvəffəq olub.
Səfir ölkəmizin əldə etdiyi iqtisadi uğurlar və əlverişli coğrafi mövqeyinin ona iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı olmaq imkanı verdiyini vurğulayıb.
O, müasir Azərbaycanın bütün dünya ölkələri ilə qarşılıqlı hörmətə, etimada söykənən mehriban və dostluq münasibətləri qurmağa böyük önəm verdiyini, son illərdə Azərbaycan və Serbiya arasında təşəkkül tapmış hərtərəfli əlaqələrin buna bariz bir nümunə olduğunu söyləyib.
Qəbul zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən fotosərgi də nümayiş etdirilib. Həmçinin Azərbaycan mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bugünkü mənzərələrini əks etdirən videogörüntülər təqdim edilib.
Daha sonra Azərbaycandan gəlmiş musiqiçilər konsert proqramı ilə çıxış ediblər. Tədbirin rəsmi hissəsindən sonra ziyafət verilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad