Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Odessada qeyd edilib
Kiyev, 28 may, AZƏRTAC
Odessa şəhərinin mərkəzi meydanında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi və Odessanın diaspor təşkilatının birgə təşkil etdiyi tədbirdə müstəqil Azərbaycan dövlətinin 100 ildə əldə etdiyi böyük nailiyyətlərdən söz açılıb.
Odessa vilayətinin dövlət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, bir sıra xalqların diaspor rəhbərlərinin və media təmsilçilərinin iştirak etdikləri tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov çıxış edərək 100 il bundan öncə Şərqdə ilk dəfə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən söz açıb.
Müstəqil Azərbaycan dövlətində multikulturalizmin və dini tolerantlığın inkişafına xüsusi diqqət ayrıldığını bildirən Moldovanın parlament vəkili Aureliya Qriqoriu, Odessa vilayətinin deputatı Vladimir Suşkov və digər çıxış edənlər müstəqil dövlətimizin 100 illiyi münasibətilə xalqımıza təbriklərini çatdırıblar.
Diaspor fəallarımız XX əsrin sonlarında ikinci dəfə əldə olunmuş dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Qeyd ediblər ki, təməli 100 il bundan öncə qoyulmuş müstəqil dövlətçilik ideologiyasının Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayıblar.
Bayram tədbirində diasporumuzun inkişafında xidmətləri olan soydaşlarımıza Azərbaycanın Ukraynadakı səfirliyinin fəxri diplomları təqdim olunub. Azərbaycanın və Ukraynanın mədəniyyət və incəsənət ustalarının nümayiş etdirdiyi konsert proqramı tədbirə qatılanlara xoş anlar yaşadıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev