Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi Litvada qeyd edilib
Bakı, 31 may, AZƏRTAC
Litvanın Trakay şəhərində keçirilən milli azlıqların mədəniyyət festivalında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi barədə məlumat verilib.
Klaypeda azərbaycanlılarının “Azəris” cəmiyyətinin sədri Əliağa Məmmədov AZƏRTAC-a bildirib ki, Litva Respublikasının ilk müstəqilliyinin 100 illik yubileyinə həsr olunmuş festivalda Klaypedada fəaliyyət göstərən Azərbaycan dilli "Bazar məktəbi"nin şagirdləri də iştirak ediblər. Milli geyimli şagirdlər əllərində Azərbaycan Respublikasının dövlət bayrağını dalğalandıraraq festivalın ümumi ab-havasına əlavə rəng qatıblar.
Festivalda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi, eləcə də Cümhuriyyətin tarixi barədə iştirakçılara ətraflı məlumat verilib. Sonra məktəblilər milli incəsənət nümunələrindən ibarət bədii proqramla çıxış ediblər.
Azərbaycanlı uşaqların rəngarəng çıxışları festival iştirakçıları və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.