Azərbaycan xalqı dəfələrlə erməni terroruna məruz qalıb, dinc əhaliyə divan tutulub
Bakı, 25 fevral, AZƏRTAC
Təhsil Problemləri İnstitutunda (TPİ) Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan anma mərasimi keçirilib.
TPİ-dən AZƏRTAC-a bildirilib kİ, əvvəlcə faciədə həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktoru Qulu Novruzov məkrli ermənilərin törətdikləri Xocalı soyqırımı, onun acı nəticələri barədə danışıb. Bildirilib ki, qaniçən ermənilər Xocalı faciəsini törətməklə nəinki Azərbaycana, bütövlükdə türk dünyasına, bəşəriyyətə qarşı qəddar və amansız mövqelərini nümayiş etdiriblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, o cümlədən uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər. Ermənilərin soyqırımı siyasəti hələ XX əsrin əvvəllərindən başlanıb və zaman-zaman günahsız insanlar ağır işgəncələrlə qətlə yetiriliblər. Azərbaycan xalqı son 200 ildə dəfələrlə erməni terroruna məruz qalıb, dinc əhaliyə divan tutulub. Xocalı soyqırımı dünyanın bir çox rəsmi dairələrində, parlamentlərində müzakirəyə çıxarılıb, bu faciə soyqırımı aktı kimi tanınıb.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan hökuməti və parlamenti tərəfindən Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Bu gün həmin siyasəti Prezident İlham Əliyev qətiyyətlə həyata keçirir.
Q.Novruzov Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasının və bir çox görülmüş işlərin də əhəmiyyətini qeyd edib.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunan sənədli film nümayiş etdirilib.
İnstitutun şöbə müdirləri Piralı Əliyev, İntiqam Cəbrayılov, direktorun müavini Rəfiq Qəndilov Xocalı soyqırımı ilə bağlı gənclərin milli mənəvi tərbiyəsində silsilə təbliğat işlərinin aparılmasının vacibliyini vurğulayıblar.