Azərbaycan xalqı Xocalı soyqırımının mənəvi ağrısını qəlbində daşıyır
Tərtər, 26 fevral, AZƏRTAC
Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə Tərtər rayonunda anım tədbiri keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları “Şəhidlər” abidə-kompleksinin önünə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıblar. Sonra məktəblilərin faciəyə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Uşaqların rəsmlərində faciə ilə bərabər Qələbə ruhu da öz əksini tapıb.
Tədbirdə xalqımızın qan yaddaşına əbədi həkk olan Xocalı faciəsindən danışılıb, 32 il əvvəl baş verən hadisələr bir daha xatırlanıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədib. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Otuz iki ildir ki, xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.
Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider birliyi, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuzillik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Xocalı şəhidlərinin xatirəsini alnıaçıq, başıuca anır, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.
Bu gün Xocalı şəhəri yenidən bərpa edilir. Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhəri də böyük tikinti meydançasını xatırladır. Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin bu il doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata keçirilir.
Tədbirdən sonra Tərtər rayonunda məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilib.
Bakı vaxtı ilə saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sükut dəqiqəsində küçələrdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, rayon mərkəzində, eləcə də kənd və qəsəbələrdə Azərbaycanın Dövlət bayraqları endirilib.