Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsi Ankarada da anılıb
İstanbul, 13 dekabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı Ankarada da anım tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Bilkənd Universitetində keçirilən tədbirdə Azərbaycan və Türkiyədən çox sayda deputat, Türkiyənin dövlət rəsmiləri, hərbçilər, ziyalılar, tələbələr və mətbuat nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Sonra Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafına göstərdiyi əvəzsiz xidmətlərindən bəhs edən qısa film nümayiş etdirilib.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək, həyatını xalqına həsr etmiş Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi rolundan danışıb.
Bilkənd Universitetinin rektoru professor Kürşad Aydoğan Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına verdiyi misilsiz töhfədən danışıb, rəhbərlik etdiyi bu ali təhsil müəssisəsində Ümummilli Liderin xatirəsinin əziz tutulduğunu vurğulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan və Türkiyə arasında parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri, deputat Əhliman Əmiraslanov çıxışında Ulu Öndərin Türk dünyası ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni vurğulayıb.
O, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin liderliyində əldə edilən şanlı Zəfərlə Ümummilli Liderimizin ən böyük arzusu olan Azərbaycan torpaqlarının işğaldan azad edildiyini, Ulu Öndərin ruhunun şad olduğunu qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək hazırkı müstəqil və qüdrətli Azərbaycanın Ümummilli Liderin ən böyük əsəri olduğunu ifadə edib.
Çıxışlarda Ulu Öndərimizin Bilkənd Universitetinin qurucusu olan İhsan Doğramacı ilə yaxın dostluq münasibətlərinə toxunularaq, anım gününün məhz bu ali təhsil müəssisəsində təşkil olunmasının əhəmiyyəti qeyd edilib.
Tədbir bədii hissə ilə davam etdirilib. Azərbaycanın Xalq artisti Azərinin ifasında Ulu Öndər Heydər Əliyevin sevdiyi əsərlər və Bilkənd Simfonik Orkestrinin ifasında Azərbaycanın, eləcə də dünya bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi nümunələri səslənib.