AZƏRBAYCAN XİLASEDİCİLƏRİ PAKİSTANDA ZƏLZƏLƏ ZONASINDADIRLAR
Ölkəmizin İslamabaddakı səfirliyinin konsulu Daşqın Şikarov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycan nümayəndə heyətinin gedəcəyi yeri bu və ya digər bölgədə mütəxəssislərə ehtiyacı nəzərə alaraq, Pakistan tərəfi müəyyən edəcəkdir. İlkin razılaşmalara əsasən, Azərbaycan xilasediciləri ya Müzəffərabad şəhərinə, yaxud da sakinlərin 80 faizinin uçuqlar altında qaldığı Mənsəhra şəhərinə gedəcəklər.
Azərbaycan səfirliyinin işçiləri Pakistan Prezidenti Pərviz Müşərrəfin təbii fəlakətin qurbanlarına yardım göstərilməsi barədə müraciətinə səs verərək, xüsusi bank hesabına pul vəsaiti, səfir Eynulla Mədətli isə 1000 dollar köçürmüşlər.
Daşqın Şikarov demişdir ki, Pakistanda zəlzələdən zərər çəkənlər və həlak olanlar arasında azərbaycanlılar yoxdur. Səfirliyin əməkdaşları təbii fəlakətdən sonra 30 azərbaycanlı ailəsinin üzvləri ilə, Lahor və İslamabad universitetlərində oxuyan üç tələbə və 30 nəfər mədrəsə şagirdi ilə telefon əlaqəsi yaratmışlar.
Xatırladaq ki, dost ölkəyə kömək göstərmək üçün Azərbaycandan həkimlər briqadası və 20 xilasedici getmişdir. Onlar özləri ilə 100 milyon manatlıq 1,5 ton dava-dərman, sarğı materialı, ağrıkəsən vasitələr aparmışlar.