Azərbaycan yaxın illərdə Avrasiya məkanında daha təsirli mövqe tutacaq - ŞƏRH
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Avropa ilə Asiya arasında yalnız coğrafi baxımdan deyil, həm də siyasi və iqtisadi müstəvidə strateji körpü rolunu oynayır. Son illərdə rəsmi Bakının həyata keçirdiyi çoxşaxəli siyasət ölkəni Avrasiya məkanında əsas aktorlardan birinə çevirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət mərkəzinin sədri, türkiyəli siyasi ekspert Bilal Dündar bildirib.
Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi geosiyasi məkan tarixi İpək Yolunun müasir davamı kimi çıxış edir və bu faktor ölkənin regional, qlobal proseslərdə əhəmiyyətini artırır.
“Bu gün Azərbaycan həm Qərb institutları, həm də Şərq tərəfdaşları ilə paralel və balanslaşdırılmış siyasət yürüdərək nadir diplomatik model formalaşdırıb. Rəsmi Bakı ilə Avropa İttifaqı arasında enerji və iqtisadi sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarına çıxarılması ölkənin geoiqtisadi çəkisini artırıb. Hazırkı mürəkkəb geosiyasi şəraitdə enerji resurslarının şaxələndirilməsi Avropa üçün prioritet məsələdir. Azərbaycan bu baxımdan etibarlı tərəfdaş kimi çıxış edir və uzunmüddətli müqavilələr əsasında qaz tədarükünü davam etdirir”, – deyə o vurğulayıb.
Bilal Dündar bildirib ki, Azərbaycanın iqtisadi rolunu gücləndirən əsas amillərdən biri nəqliyyat-logistika infrastrukturuna qoyulan sərmayələrdir. Onun sözlərinə görə, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin əsas sütunlarıdır və Asiya ilə Avropa arasında yükdaşımaların həcmini artırır: “Orta Dəhliz alternativ deyil, real və işlək marşrutdur. Azərbaycan bu marşrutun mərkəzində yerləşərək həm tranzit gəlirlərini artırır, həm də regional iqtisadi inteqrasiyaya töhfə verir. Azərbaycanın artan rolu yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Ölkə beynəlxalq platformalarda da aktiv iştirak edir, həm BMT, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlığa töhfə verir. Bu isə ölkənin diplomatik manevr imkanlarını genişləndirir”.
Ekspertin fikrincə, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı da Avrasiya məkanında yeni iqtisadi və siyasi konfiqurasiyanın formalaşmasına təsir göstərir.
“Ankara ilə Bakı arasında əlaqələrin yüksək səviyyədə olması regionda sabitlik və əməkdaşlıq üçün mühüm zəmin yaradır. Qarşıdakı dövrdə Azərbaycanın yaşıl enerji və rəqəmsal logistika sahəsində atdığı addımlar onun Avropa ilə Asiya arasında rolunu daha da möhkəmləndirəcək. Xəzər hövzəsində bərpaolunan enerji layihələri və kabel xətləri gələcəkdə yeni enerji körpüsünün formalaşmasına səbəb ola bilər. Azərbaycan hazırda yalnız tranzit ölkə deyil, həm də siyasi təşəbbüslər irəli sürən, iqtisadi inteqrasiyanı təşviq edən və regional sabitliyə töhfə verən məsul aktordur. Bu dinamika davam edərsə, Azərbaycan yaxın illərdə Avrasiya məkanında daha təsirli mövqe tutacaq”, – deyə o vurğulayıb.