AZƏRBAYCAN YIĞMASI BAKIDA KEÇİRİLƏN FUTZAL ÜZRƏ BEYNƏLXALQ TURNİRİN QALİBİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın futzal üzrə yığma komandası yanvarın 18-də Bakı İdman Sarayında başa çatan turnirin qalibi olmuşdur. Turnirin baş mükafatı uğrunda Qazaxıstan millisi ilə qarşılaşan Azərbaycan yığması rəqibinə 4:3 hesabı ilə qalib gəlmişdir.
Digər görüşdə paytaxt klublarının yığmasından ibarət “Bakı” komandası Gürcüstan millisini 2:1 hesabı ilə məğlub edərək 3-cü yeri tutmuşdur. Gürcüstan yığması isə turniri 4-cü yerdə başa vurmuşdur.
Qalibə kubok və AFFA-nın hədiyyələri təqdim olunmuşdur.
Mükafatlandrma mərasimində çıxış edən AFFA prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Elşad Nəsirov komandaları təbrik edərək, turnirin ənənəvi hal alacağını bildirmişdir.
Qazaxıstan Futzal Federasiyasının prezidenti Anatoli İomkin səmimi qəbula və yarışın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirərək, ölkəsinin ənənəvi keçiriləcək bu turnirə hər zaman qatılmağa hazır olduğunu demişdir.
Turnir Azərbaycan yığmasının dünya çempionatının qrup mərhələsinə daha yaxşı hazırlaşması məqsədi ilə təşkil olunmuşdur. Altıncı qrupda yarışacaq Azərbaycan yığmasının rəqibləri Çexiya, Finlandiya və Ermənistan yığmaları olacaqlar.