Azərbaycan zabiti Rusiya Ümumqoşun Akademiyasını qızıl medalla bitirib
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də Moskvada Quru Qoşunlarının Hərbi Tədris-Elmi Mərkəzinin Rusiya Federasiyası Silahlı Qüvvələri Ümumqoşun Akademiyası dinləyicilərinin növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Babək Ramaldanov bu il ali hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirərək magistr diplomu və qızıl medal alıb. Ona Dövlət imtahan komissiyasının qərarı ilə “magistr” dərəcəsi verilib.
Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələri Ümumqoşun Akademiyasında (keçmiş Frunze adına Hərbi Akademiya) hərbi kadrların hazırlığı 14 magistratura və 74 əlavə ixtisas təhsili proqramı üzrə həyata keçirilir. Bu təhsil müəssisəsində 20-dən artıq ölkədən 200-dən çox xarici hərbi qulluqçu təhsil alır.