AZƏRBAYCANA GƏLƏN TURİSTLƏRİN SAYI XEYLİ ARTMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gənclər, İdman və Turizm naziri Əbülfəs Qarayev Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında görülən işlər barədə məlumat vermiş, perspektiv planlardan danışmışdır. Azərbaycanın turizm potensialının böyük olduğunu bildirən nazir, qeyd etmişdir ki, bu sahənin inkişafında son illər ciddi uğurlar qazanılmışdır. Ölkəmizin iqtisadiyyatının inkişafı Azərbaycanın turizm imkanlarını daha da genişləndirmişdir ki, bunun da sayəsində respublikamızda beynəlxalq tədbirlər, eləcə də idman yarışları geniş vüsət almışdır. Azərbaycanda 140-a yaxın turist şirkəti fəaliyyət göstərir, 261 mehmanxana vardır. Mehmanxanaların Avropa standartlarına uyğunlaşdırılması üçün yoxlamalar aparılır. Bu işdə mehmanxana sahiblərinin özləri də maraqlıdırlar.
Ən nüfuzlu ali məktəblərimizdə idman, turizm və gənclərlə iş sahəsində kadrların hazırlanması barədə məlumat verən Əbülfəs Qarayev əminliklə bildirmişdir ki, turizm işlərində peşəkarlara ciddi ehtiyac vardır. Bu sahədə çalışanlar qonaqpərvərlikləri, yüksək mədəniyyətləri və digər müsbət keyfiyyətləri ilə turistlərdə Azərbaycan haqqında xoş təəssürat yaratmalıdırlar.
Nazirliyin beynəlxalq turizm sərgilərində yaxından iştirak etdiyini bildirən natiq, təəssüf hissi ilə demişdir ki, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri bu işdə olduqca süstdürlər. Bu boşluğu doldurmaq üçün ciddi tədbirlər görüləcəkdir. Ola bilsin ki, beynəlxalq turizm sərgilərində iştirak etməyən şirkətlərə növbəti dəfə lisenziya verilməyəcəkdir.
Nazir demişdir ki, qış turizmini formalaşdırmaq istiqamətində də əhəmiyyətli addımlar atılıb. Artıq Qusar, Quba və Şamaxı rayonlarında qış istirahət komplekslərinin yaradılması üçün münasib yerlər seçilib. Yaxın vaxtlarda tikinti işləri üçün layihə hazırlanıb müsabiqəyə çıxarılacaqdır. Rusiya və İranın müvafiq qurumları bu istiqamətdə əməkdaşlığa maraq göstərirlər.
Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticələrindən danışan nazir dedi ki, azərbaycanlı idmançıların beynəlxalq yarışlarda əldə etdiyi uğurlar, eləcə də eyni vaxtda bir neçə idman turnirinin keçirilməsi üçün yaradılmış şərait buna bariz nümunədir.
Dövlətimizin gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirən natiq gənclər və uşaqlar arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində görülən işlərə daha böyük diqqət yetirilməsinin zəruriliyini vurğulamışdır.
Təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə turistlərin gəlməsi və orada idman yarışlarının keçirilməsi barədə yayılan məlumatları Ermənistanın növbəti fitnəkarlığı adlandıran nazir bildirdi ki, bu vaxta qədər beynəlxalq idman təşkilatları orada keçirilən yarışların nəticələrini tanımayıblar.
Axırda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.