AZƏRBAYCANA NARKOTİK MADDƏ GƏTİRƏN İRAN VƏTƏNDAŞI TUTULMUŞDUR
Noyabrın 26-da ölkəmizə narkotik maddə keçirilməsi ilə bağlı daha bir cəhdin qarşısı alınmışdır. Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana 1 kiloqram 650 qram narkotik maddəni keçirməyə cəhd göstərən iranlı, 1975-ci il təvəllüdlü Tahiri Müqəddam Əlirza Əbdüləlinin tutulması ilə nəticələnmişdir. Sərhəd pozucusu təqib olunarkən, gətirdiyi narkotik vasitəni tullayaraq aradan çıxmaq üçün özünü yaxınlıqdakı uçuruma atmaq istəsə də, sərhədçi zabit ona bu imkanı verməmişdir. Əməliyyat zamanı sərhədçi zabit ağır bədən xəsarəti alsa da, cinayətkar yaxalanmışdır.
Dövlət Sərhəd Xidmətinin, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin müvafiq qurumlarında faktla bağlı araşdırma aparılır.