Azərbaycanda aparılan seysmik qiymətləndirmə və risklərə dair mətbuat konfransı keçirilib
Bakı, 25 oktyabr, G.Mahmudlu, AZƏRTAC
Oktyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Bakıda keçirilən Beynəlxalq Seysmoloji Konfransda müzakirə olunan məsələlər, Azərbaycanda aparılan seysmik qiymətləndirmə və risklərə dair mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, ABŞ-ın Laurens Livermore Milli Laboratoriyasının (LLML) Seysmoloji Layihələr Departamentinin rəhbəri Rengin Gök, laboratoriyanın professoru Rob Mellors və Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutunun (IRIS) Məlumat Mərkəzinin rəhbəri Tim Ahern iştirak ediblər.
Tədbirdə çıxış edən Q.Yetirmişli Beynəlxalq Seysmoloji Konfransla bağlı məlumat verib və RSXM ilə dünyanın bir çox mərkəzlərinin əməkdaşlığından danışıb. Qeyd edilib ki, IRIS-in beynəlxalq konfransının Bakıda keçirilməsi seysmologiya sahəsində yeni emal proqramlarının tətbiqi və öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Seysmologiya sahəsində birgə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasının vacibliyini qeyd edən baş direktor, həmçinin yerli kadrların hazırlanması işində də bu faktorun zəruri olduğunu deyib.
Konfransda iştirak edən mütəxəssislər tədbirin beynəlxalq təcrübənin paylaşılması, seysmik riskin qiymətləndirilməsində yeni metodların tətbiqi, gənc alimlərin yetişdirilməsi məqsədi daşıdığını bildiriblər. Bildirilib ki, 20 ölkənin alimləri yeraltı təkanlara aid məlumatların daha müasir üsullarla əldə edilməsi, emalı və paylaşılması üçün müzakirələrlə yanaşı, treninqlər də keçirirlər. Qafqazın seysmikliyinin qiymətləndirilməsinin diqqətçəkən hal olduğunu vurğulayan qonaqlar konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Mütəxəssislər mərkəzin tədqiqatçılara, gənc alimlərə yaratdığı şəraiti müsbət qiymətləndirib, Azərbaycan seysmoloqlarının ən müasir metodlar və yeni proqramlar vasitəsilə yüksək səviyyədə seysmoloji tədqiqatlar apardıqlarını və əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, R.Gök Qafqazın seysmikliyinin öyrənilməsi ilə məşğuldur və regionda gedən seysmoaktivliklə bağlı ABŞ-ın Laurens Livermore Milli Laboratoriyasında aparılan tədqiqatlara rəhbərlik edir.