Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Bakı, 15 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirlərə start verib. Aprelin 14-də YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin növbəti mühazirəsi keçirilib.
Heydər Əliyev Məktəbinin budəfəki qonağı “Yeni inkişaf formulu: dünya təcrübəsi və Azərbaycan modeli” mövzusunda mühazirə ilə çıxış edən filologiya elmləri doktoru, professor Hüseyn Əsgərov olub.
Mühazirədən əvvəl cəbhə xəttində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışıb. Bildirilib ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.
Mühazirəçi Hüseyn Əsgərov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir. O deyib: “Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Ulu Öndərin siyasi arenada rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı. Onun həyat və fəaliyyəti tarix üçün bir nümunədir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı miras qoyub getdi, dövlətimizi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdı”.
Vurğulanıb ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, respublikanın parçalanması təhlükəsi aradan qalxdı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıldı, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu. Həmçinin başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiya formalaşmağa başladı.
Bildirilib ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda Hüseyn Əsgərov Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliğ edilməsində, gənclərin Heydər Əliyev ideyaları ruhunda maarifləndirilməsində və onlarda fəal vətəndaşlıq mövqeyinin formalaşdırılmasında xüsusi xidmətlərinə görə sertifikatla təltif olunub.